Komitə sədri: İqlim qərarları real nəticələrə çevrilməlidir
İqlim dəyişmələri ilə mübarizə və ətraf mühitə təsirlərin azaldılması beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris Sazişi çərçivəsində həyata keçirilən təşəbbüslərdə iştirak edir. Bu istiqamətdə ölkəmizdə beynəlxalq iqlim tədbirlərinin təşkili və iqlim dəyişmələrinə uyğunlaşma məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hökuməti ilə müvafiq beynəlxalq konvensiyaların katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair Anlaşma Memorandumunun təsdiqlənməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə təqdim olunması da bu əməkdaşlığın hüquqi əsaslarının rəsmiləşdirilməsi baxımından diqqət çəkir. Sənədin müzakirəsi tədbirlərin təşkili, iqlim dəyişmələrinə uyğunlaşma və beynəlxalq öhdəliklərin icrası ilə bağlı məsələləri yenidən gündəmə gətirir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Crossmedia.az-a açıqlamasında İqlim Həftəsi-4 və BMT-nin Adaptasiya Komitəsinin 30-cu iclası ilə bağlı Anlaşma Memorandumunun təsdiqinin beynəlxalq iqlim əməkdaşlığının hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib: “140-dan çox ölkədən təxminən 2700 nümayəndənin iştirak üçün qeydiyyatdan keçdiyi bu tədbirlər çərçivəsində 68 tədbir təşkil olunub. İqlim maliyyələşdirilməsi, enerji keçidi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələrinə uyğunlaşma və beynəlxalq öhdəliklərin praktiki icrası əsas müzakirə istiqamətləri olub”.
Deputat vurğulayıb ki, müasir dövrdə iqlim diplomatiyasının əsas məqsədi yalnız qlobal problemləri müzakirə etmək deyil, həm də qəbul edilən qərarların real nəticələr verməsini təmin etməkdir: “Əsas məsələ qəbul edilmiş qərarların real nəticələrə çevrilməsi, dövlətlərin milli öhdəliklərinin həyata keçirilməsi və iqlim risklərinə qarşı institusional dayanıqlığın gücləndirilməsidir”.
Sadiq Qurbanovun sözlərinə görə, təqdim olunan Anlaşma Memorandumu tədbirlərin təşkili, tərəflərin öhdəlikləri, maliyyələşdirmə, texniki təminat və təhlükəsizlik kimi məsələləri tənzimləməklə beynəlxalq əməkdaşlığın təşkilati və hüquqi əsaslarını müəyyən edir: “Memorandum, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planlarının həyata keçirilməsinə yönələn beynəlxalq əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini vurğulayır”.
O, iqlim dəyişmələrinə uyğunlaşmanın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb: “Su ehtiyatlarının qorunması, kənd təsərrüfatının iqlim risklərinə davamlılığının artırılması, Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi və ekosistemlərin mühafizəsi bu sahədə ardıcıl yanaşma tələb edir. Buna görə də beynəlxalq təcrübənin öyrənilməsi, elmi biliklərin tətbiqi və maliyyə-texnoloji imkanların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Nigar Xəlilli
20:50 13.10.2026
Oxunuş sayı: 47