Ən gəlirli ixtisaslar açıqlandı - 4000 manat əməkhaqqı verilən sahə hansıdır?
Əmək bazarında peşələrə olan tələbat sürətlə dəyişir və yüksək gəlir imkanları yalnız ənənəvi ixtisaslarla məhdudlaşmır. Azərbaycanda xüsusilə neft-qaz, maliyyə, telekommunikasiya və dağ-mədən sənayesi yüksək orta əməkhaqqının olduğu sahələr sırasında yer alır. Eyni zamanda proqram təminatı, informasiya texnologiyaları və süni intellekt istiqamətində yeni iş yerlərinin artması bu sahələrə marağı da gücləndirir. Bakı ilə regionlar arasında əməkhaqqı fərqi də əmək bazarında diqqət çəkən məqamlardandır. Bəs bu gün Azərbaycanda ən gəlirli peşə və ixtisaslar hansılardır? Gənclər yüksək gəlir əldə etmək üçün hansı sahələrə üstünlük verməlidirlər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ən yüksək orta əməkhaqqı neft-qaz sənayesindədir. Onun sözlərinə görə, maliyyə, telekommunikasiya və dağ-mədən sənayesi də yüksək gəlirli sahələr sırasında yer alır: “Dövlət Statistika Komitəsinin aylıq bülletenlərindən bunu görə bilərik. Ölkəmizdə ən gəlirli, ən yüksək əməkhaqqına malik sahə neft-qaz sənayesidir. Neft-qaz sənayesində orta aylıq əməkhaqqı, özəl və dövlət sektorunda bir qədər fərqlənsə də, ümumilikdə yüksəkdir. Özəl sektorda neft-qaz sənayesində əməkhaqqı 4000 manat ətrafındadır. Dövlət sektorunda da yüksəkdir, amma özəl sektordakı qədər deyil”.

X.Kərimli qeyd edib ki, ikinci ən gəlirli sahə maliyyə sektorudur: “Orta əməkhaqqının nisbətən yüksək olduğu sahələrdən biri maliyyə sektorudur. Buraya banklar, BOKT-lər, investisiya şirkətləri və digər maliyyə qurumları daxildir. Üçüncü əməkhaqqının yüksək olduğu sektor telekommunikasiya və rabitə sahəsidir. Dördüncü isə dağ-mədən sənayesidir. İxtisaslara gələndə isə son zamanlar proqram təminatı, İT, süni intellekt və digər bu istiqamətlərdə tələbat yüksək artıb. Yeni iş yerləri daha çox həmin sahələrdə yaranır. Statistika rəqəmlərini təxmini dedim. Dəqiq rəqəmləri Dövlət Statistika Komitəsinin saytından əldə etmək və ya axtarış yolu ilə tapmaq mümkündür. Rəqəmləri əzbərləməmişəm, amma bilirəm ki, bu sahələrdə ölkə üzrə müqayisədə yüksək orta əməkhaqqı mövcuddur. Ərazi baxımından da Bakıda orta əməkhaqqı regionlarla müqayisədə bir qədər yüksəkdir. Bu fərq təxminən 15-20 faiz təşkil edir”.
Zərnigar Hüseynli
16:00 29.08.2026
Oxunuş sayı: 57