“Traktor” klubundan sərt sual: İrandan danışanda niyə susursunuz?
Təbrizin “Traktor” futbol klubu İranda türklərin dil və mədəni hüquqları ilə bağlı məsələni gündəmə gətirərək Azərbaycana və azərbaycanlılara yönələn tənqidlərə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, klubun rəsmi “Facebook” səhifəsində yayımlanan bəyanatda İranda türklərin ana dilindən istifadə imkanları və mədəni hüquqları ilə bağlı iddialar səsləndirilib.
Bəyanatda qeyd olunub ki, İranda təxminən 40 milyon türk yaşayır, lakin klubun iddiasına görə, yüz ildən artıqdır ki, məktəblərdə türk dilində təhsilə məhdudiyyət qoyulur. Paylaşımda türkcə adların uşaqlara verilməsi, şirkət və mağazaların türk dilində adlandırılması ilə bağlı da məhdudiyyətlərin olduğu bildirilib.
“İran kimi müsəlman ölkəsində hicab qadağan edilə bilməz, amma türklərə qarşı düşmənçilik ola bilər?!” – deyə bəyanatda vurğulanıb.
Klub Azərbaycandakı məktəblərdə vahid forma məsələsi ətrafında bəzi Türkiyə dairələrində yaranan müzakirələrə də toxunub. Bəyanatda həmin mövzuda Azərbaycana yönələn tənqidlərin fonunda İranda yaşayan türklərin hüquqları ilə bağlı məsələlərə diqqət yetirilmədiyi iddia olunub.
“Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər vacibdirsə, İrandan danışanda niyə susursunuz?!” – deyə klub paylaşımında sual edib.
22:53 14.10.2026
Oxunuş sayı: 71