Nobel almaq istəyənlərin nəzərinə - Dünyanın ən nüfuzlu mükafatının arxasında hansı meyarlar dayanır?
Nobel mükafatı dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarından biri hesab olunur. Lakin hər il yüzlərlə alim, yazıçı və ictimai xadimin diqqət mərkəzində olduğu bu mükafata kimin və hansı əsaslarla layiq görüldüyü hər zaman maraq doğurur. Alfred Nobelin 1895-ci ildə yazdığı vəsiyyətə əsasən təsis edilən mükafatın əsas məqsədi bəşəriyyətə ən böyük fayda verən nailiyyətləri qiymətləndirməkdir. Bununla belə, Nobel laureatı olmaq yalnız sahəsində tanınmaq və ya uzun illər çalışmaq demək deyil. Namizədin elmi kəşfinin əhəmiyyəti, tədqiqatının yeniliyi, ədəbiyyatda yaratdığı əsərlərin dəyəri və ya sülhə verdiyi töhfə xüsusi meyarlarla qiymətləndirilir. 1901-ci ildən təqdim edilən mükafatların seçim prosesi bu gün də müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir və namizədlərin adları 50 il ərzində məxfi saxlanılır.
Nobel mükafatına namizədlər özləri müraciət edə bilməzlər. Onlar müvafiq sahələr üzrə səlahiyyətli şəxslər, alimlər, universitet professorları, akademiya üzvləri və əvvəlki laureatlar tərəfindən irəli sürülür. Daha sonra namizədlərin fəaliyyəti Nobel komitələri və müvafiq mükafatı təqdim edən qurumlar tərəfindən araşdırılır, zəruri hallarda müstəqil ekspertlərin rəyləri alınır və yekun qərar verilir. Ancaq burada əsas sual açıq qalır: minlərlə mütəxəssis arasından məhz bir şəxsin və ya bir qrupun seçilməsinə hansı amillər təsir edir? Eyni sahədə uzun illər çalışan, mühüm nəticələr əldə edən şəxslərdən bəziləri niyə laureat olur, digərləri isə bu siyahıya düşmür? 2026-cı ilin laureatları fonunda bu suallar Nobel mükafatının seçim mexanizmini, hər sahə üzrə qiymətləndirmə prinsiplərini və qərarların arxasında dayanan elmi, ədəbi və ictimai meyarları daha dərindən araşdırmağı zəruri edir.
Crossmedia.az olaraq bu suallara aydınlıq gətirmək üçün Nobel mükafatının verildiyi sahələr üzrə alimlərlə həmsöhbət olduq, 2026-cı ilin laureatlarının hansı elmi, ədəbi və ictimai nailiyyətlərinə görə seçildiklərini, onların uğurlarının öz sahələrində hansı əhəmiyyət daşıdığını araşdırdıq.
Cross Media Təhlil Mərkəzinin analitiki, iqtisad elmləri doktoru Aqil Əsədov açıqlamasında bildirib ki, Nobel səviyyəli elmi nailiyyət yalnız yeni ideya irəli sürməklə məhdudlaşmır, həm də etibarlı sübutlara əsaslanmalı və gələcək araşdırmalar üçün zəmin yaratmalıdır: “Bütün mükafatların təqdimatı müəyyən meyarlar üzrə həyata keçirilir. Daha doğrusu, laureatın seçilməsində müəyyən meyarlar, kriteriyalar əsas götürülür. Şübhəsiz ki, Nobel mükafatı kimi nüfuzlu mükafatın ilkin şərti elmi yenilik və orijinallıq olaraq qəbul edilə bilər. Xüsusilə multidissiplinar tədqiqatların daha uğurlu nəticələr əldə etməyə imkan yaratdığı müasir dövrdə irəli sürülən nəticələr məntiqi nəzəriyyəyə, riyazi modellərə, statistik təhlilə, ekonometrik qiymətləndirməyə və ya etibarlı empirik sübutlara söykənməlidir. Tədqiqatın məhdudiyyətləri də elmi şəkildə müəyyən edilməlidir”.

Analitik qeyd edib ki, tədqiqatın əhəmiyyəti onun digər alimlər üçün yeni nəzəriyyələr, metodlar və araşdırma istiqamətləri yaratmaq imkanları ilə də ölçülür: “O ki qaldı iqtisad elminin inkişafına təsirinə, təbii ki, tədqiqat başqa alimlərin yeni nəzəriyyələr, metodlar və tədqiqat istiqamətləri yaratmasına imkan verməlidir. Yəni elmi töhfə yalnız bir problemi həll etməməli, sonrakı elmi araşdırmalar üçün də müəyyən bir baza formalaşdırmalıdır. Elmi nəticələr iqtisadi siyasətin, maliyyə sisteminin, əmək bazarının, yoxsulluğun azaldılmasının, innovasiyanın və ya resurs bölgüsünün daha yaxşı anlaşılmasına və idarə edilməsinə kömək edə bilər”.
Aqil Əsədovun fikrincə, tədqiqatın dərhal praktik tətbiq imkanına malik olması mütləq şərt deyil, lakin onun iqtisad elminin fundamental məqsədlərinə xidmət etməsi vacibdir: “Bununla belə, dərhal praktik tətbiq olunmaq mütləq şərt olmasa da, tədqiqat iqtisad elminin qarşısında dayanan əsas vəzifəyə xidmət etməlidir. İqtisad elminin əsas vəzifəsi cəmiyyətin sonsuz tələbatlarının məhdud resurslarla daha dolğun ödənilməsinə nail olmaqdır. Bütün Nobel mükafatı laureatlarının tədqiqatları da son nəticədə buna xidmət etməlidir”.
Analitik vurğulayıb ki, iqtisadi tədqiqatların həqiqi elmi dəyərinin müəyyənləşməsi uzun müddət tələb edə bilər: “Elə bu məqsədlə də mükafatlandırmaya təqdim edilən tədqiqatlar uzun müddət elmi müzakirələrdə, yoxlamalarda və yeni araşdırmalarda müzakirə edilir, mübahisələndirilir. İqtisadiyyat mürəkkəb sosial prosesləri öyrəndiyindən, bir nəticənin həqiqi elmi dəyəri bəzən illər sonra aydınlaşır. Bu da iqtisad elmi üzrə mükafatların tarixini təhlil edən Nobel mükafatı materiallarında vurğulanan orijinallıq, elmi və praktiki əhəmiyyət, elmi təsir və nəticələrin zamanla yoxlanılması prinsiplərinə uyğundur”.
Aqil Əsədov iqtisadiyyat üzrə Nobel mükafatının tarixində fərqli istiqamətlərdə əldə olunan fundamental elmi nəticələrin xüsusi yer tutduğunu bildirib: “İqtisadiyyat üzrə Nobel mükafatının tarixi göstərir ki, laureatlar müxtəlif istiqamətlərdə fundamental elmi nəticələr əldə ediblər. Bu nəticələr bəzən yeni nəzəriyyə, bəzən yeni statistik metod, bəzən də iqtisadi siyasətin qiymətləndirilməsi üçün etibarlı yanaşma formasında olur”.
Onun sözlərinə görə, iqtisadi artım, ekonometrika, əmək iqtisadiyyatı, maliyyə və bankçılıq, institusional iqtisadiyyat və davranış iqtisadiyyatı Nobel səviyyəli töhfələrin formalaşdığı əsas istiqamətlər sırasındadır. Bu sahələrdəki tədqiqatlar uzunmüddətli iqtisadi artımın mexanizmlərini, səbəb-nəticə əlaqələrini, əmək bazarındakı fərqləri, maliyyə risklərini, institutlarla rifah arasındakı münasibətləri və insanların iqtisadi qərarvermə davranışlarını izah etməyə imkan verir.
Analitik yekunda qeyd edib ki, Nobel səviyyəli nailiyyətin əsasını elmi yenilik, etibarlı sübutlar və uzunmüddətli elmi təsir təşkil edir: “İqtisadiyyat üzrə, eləcə də digər sahələrdə Nobel mükafatının əsas mahiyyəti çoxlu elmi əsər yazmaqdan daha genişdir. Konkret olaraq iqtisadiyyat üzrə ən mühüm məsələ iqtisadi hadisələr haqqında elmi düşüncəni dəyişdirən, yeni tədqiqat istiqamətləri açan və uzunmüddətli əhəmiyyətini sübut edən töhfə yaratmaqdır. Nobel səviyyəli nailiyyətin əsas məntiqini yeni elmi ideya, etibarlı sübut, beynəlxalq elmi təsir və zamanın sınağından keçən uzunmüddətli əhəmiyyətlilik kimi ümumiləşdirmək olar. Təbii ki, bu, rəsmi düstur deyil, araşdırmalar və Nobel mükafatının tarixi təcrübəsi əsasında formalaşan ümumiləşdirmədir”.
Hüquq üzrə elmlər doktoru Əlövsət Allahverdiyev açıqlamasında bildirib ki, namizədlərin fəaliyyəti qiymətləndirilərkən bəyanatlardan daha çox konkret nəticələr və həmin nəticələrin əldə olunmasında şəxsin rolu nəzərə alınmalıdır: “Nobel Sülh Mükafatına layiq görülmək üçün əsas meyar şəxsin və ya təşkilatın dünya sülhünün qorunmasına, münaqişələrin həllinə və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi konkret töhfələrdir. Alfred Nobelin vəsiyyətinə əsasən, xalqlar arasında qardaşlığın möhkəmləndirilməsi, daimi orduların ləğvi və ya azaldılması, eləcə də sülh konqreslərinin təşkili və təşviqi mükafatın ilkin əsas istiqamətləri hesab olunur. Müasir dövrdə isə bu meyarlar daha geniş şərh edilir və insan hüquqlarının müdafiəsi, silahsızlanma, beynəlxalq əməkdaşlıq, münaqişələrin dinc yolla həlli və demokratik cəmiyyətlərin inkişafına töhfə kimi fəaliyyətləri də əhatə edir”.

Hüquqşünas qeyd edib ki, namizədlərin sülhə verdiyi töhfə onların həyata keçirdiyi konkret təşəbbüslər və əldə etdikləri nəticələr əsasında araşdırılmalıdır: “Nobel Sülh Mükafatına namizədin uyğunluğunu qiymətləndirərkən ilk növbədə onun sülh naminə gördüyü konkret işlər araşdırılmalıdır. Məsələn, şəxsin münaqişə tərəfləri arasında danışıqlara vasitəçilik etməsi, atəşkəsə və ya sülh sazişinin imzalanmasına nail olması, silahlanmanın azaldılmasına töhfə verməsi və mülki əhalinin müdafiəsi istiqamətində fəaliyyət göstərməsi mühüm amillərdir. Bununla yanaşı, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, qaçqınlara və müharibə qurbanlarına yardım göstərilməsi, eləcə də dövlətlər arasında etimadın yaradılması da sülhə töhfə verən fəaliyyətlər kimi nəzərə alına bilər”.
Əlövsət Allahverdiyevin fikrincə, namizədin fəaliyyətinin nəticələri və onun həmin nəticələrdəki rolu ayrıca qiymətləndirilməlidir: “Namizədin fəaliyyətini qiymətləndirərkən yalnız onun bəyanatlarına və vədlərinə deyil, əldə etdiyi real nəticələrə diqqət yetirilməlidir. Şəxsin fəaliyyəti nəticəsində münaqişənin səviyyəsinin azalıb-azalmadığı, insanların həyatının qorunub-qorunmadığı, beynəlxalq sazişlərin həyata keçirilib-keçirilmədiyi və əldə olunan sülhün davamlı olub-olmadığı araşdırılmalıdır. Eyni zamanda, əldə edilən nəticələrdə həmin şəxsin rolunun nə dərəcədə əhəmiyyətli olduğu müəyyən edilməlidir. Çünki hər hansı müsbət nəticənin mövcudluğu hələ onun yalnız bir şəxsin fəaliyyəti sayəsində əldə edildiyini sübut etmir”.
Hüquq üzrə elmlər doktoru namizədlərin fəaliyyətinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb: “Digər mühüm məqam namizədin ümumi fəaliyyətinin hərtərəfli təhlil edilməsidir. Əgər şəxs bir tərəfdən sülh təşəbbüslərində iştirak edir, digər tərəfdən isə münaqişələrin dərinləşməsinə, zorakılığın artmasına və ya insan hüquqlarının pozulmasına səbəb olan addımlar atırsa, bu hallar da obyektiv şəkildə araşdırılmalıdır. Qiymətləndirmə zamanı rəsmi sənədlərdən, beynəlxalq təşkilatların hesabatlarından, müstəqil media mənbələrindən və etibarlı araşdırmalardan istifadə olunması vacibdir”.
Əlövsət Allahverdiyev bildirib ki, Nobel Sülh Mükafatına namizədlərin qiymətləndirilməsi üçün rəqəmlərlə ifadə olunan vahid rəsmi sistem mövcud deyil: “Bununla belə, Nobel Sülh Mükafatının namizədlər üçün vahid, rəqəmlərlə ifadə olunan rəsmi qiymətləndirmə sistemi yoxdur və yekun qərar Norveç Nobel Komitəsinin səlahiyyətinə daxildir. Tarixi nümunələr də göstərir ki, mükafat yalnız dövlət başçılarına və diplomatik danışıqlarda iştirak edən şəxslərə verilmir. Məsələn, 2017-ci ildə Nüvə Silahlarının ləğvi üzrə Beynəlxalq Kampaniya nüvə silahlarının qadağan olunmasına yönəlmiş fəaliyyətinə görə, 2011-ci ildə isə Leymah Gbowee Liberiyada qadınların qeyri-zorakı sülh hərəkatındakı roluna görə Nobel Sülh Mükafatına layiq görülüb. Bu nümunələr sülhə töhfənin müxtəlif formalarda ola biləcəyini və vətəndaş cəmiyyəti nümayəndələrinin də mühüm rol oynaya biləcəyini göstərir”.
Tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov açıqlamasında bildirib ki, tədqiqatların qiymətləndirilməsi zamanı onların elmi əhəmiyyəti və tibbə gətirdiyi yeniliklər nəzərə alınır.

Fərid Museyibovun sözlərinə görə, Nobel mükafatına namizədlərin elmi fəaliyyəti müvafiq sahənin mütəxəssisləri tərəfindən araşdırılır: “Nobel mükafatı artıq uzun illərdir təqdim olunur. Bu mükafat, təbii ki, bəşəriyyətə və tibb sahəsinə mühüm töhfələr verən, dəyərli kəşflər edən insanlara verilir. Burada qərar bir nəfər tərəfindən qəbul edilmir. Tibb sahəsi üzrə bir neçə xüsusi nümayəndənin iştirakı ilə namizədlərin fəaliyyəti qiymətləndirilir, araşdırılır və onların elmi işlərinə baxıldıqdan sonra müvafiq qərar verilir”.
Həkim onkoloji xəstəliklərin müalicəsi istiqamətində aparılan tədqiqatların əhəmiyyətinə də diqqət çəkib: “Son zamanlar əsrin bəlası hesab olunan onkoloji xəstəliklər sahəsində də yeni kəşf və ya ixtira olarsa, bu, çox böyük əhəmiyyət daşıyar. Onkoloji xəstəliklər artıq əsrin bəlasına çevrilib. Buna görə də bu sahədə aparılan araşdırmalar, yeni müalicə üsullarının tapılması və əldə olunan elmi nəticələr xüsusi əhəmiyyət kəsb edir”.
Fərid Museyibov qeyd edib ki, onkoloji xəstəliklərin müalicəsində mühüm yeniliklərin əldə olunması tibb elminin inkişafına ciddi töhfə verə bilər. Bununla belə, Nobel mükafatının məbləği ilə bağlı səsləndirilən fikirlər rəsmi mükafat qaydaları ilə ayrıca dəqiqləşdirilməlidir”.
Filologiya üzrə fəlsəfə doktoru Azər Turan açıqlamasında bildirib ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin yaradıcılığı bu baxımdan diqqətə layiqdir.

Azər Turanın sözlərinə görə, Azərbaycan ədəbiyyatında Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid və Vaqif Səmədoğlu kimi adların önə çəkilməsi ədəbiyyatımızın potensialını göstərir: “Bizim ədəbiyyatımızda Nobel mükafatı təsis olunandan indiyədək Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Vaqif Səmədoğlu kimi adlar varsa, bu, Nobel mükafatına layiq yazıçılarımızın, şairlərimizin olduğu deməkdir”.
Filoloq Azərbaycanın indiyədək ədəbiyyat üzrə Nobel mükafatı almamasının səbəbləri barədə də fikirlərini bölüşüb: “İndiyə qədər bu mükafatı ala bilməməyimizin səbəbi, ilk növbədə, Nobel mükafatı laureatlarının seçimində daha çox üstünlük verilən siyasi amillərlə bağlıdır”.
“Kimya İnstitutu” PHŞ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova açıqlamasında bildirib ki, elmi nailiyyətin orijinallığı, etibarlılığı, digər sahələrə təsiri və uzunmüddətli əhəmiyyəti Nobel mükafatının əsas qiymətləndirmə meyarları sırasındadır.

Alimin sözlərinə görə, əsas məsələ yalnız yeni kəşfin edilməsi deyil, həmin kəşfin kimya elminin düşüncə tərzini və imkanlarını necə dəyişdirməsidir: “Burada söhbət mövcud biliklərin sadəcə genişləndirilməsindən deyil, kimyəvi proseslərin anlaşılmasında keyfiyyətcə yeni mərhələnin yaradılmasından gedir. Yeni reaksiya mexanizminin müəyyən edilməsi, maddələrin quruluşu və xassələri arasındakı əlaqənin izah olunması, katalizdə yeni prinsipin kəşfi və ya əvvəllər mümkün hesab edilməyən kimyəvi çevrilmənin həyata keçirilməsi belə nailiyyətlər sırasına daxil ola bilər”.
O bildirib ki, elmi yeniliklə yanaşı, kəşfin etibarlılığı və sübutlarla əsaslandırılması da vacibdir: “Elmi nailiyyətin dəyəri yalnız onun nə qədər qeyri-adi görünməsi ilə deyil, təqdim olunan sübutların gücü ilə müəyyən olunur. Nəticələrin metodoloji baxımdan düzgün əldə edilməsi, sübutların irəli sürülən iddiaları dəstəkləməsi və müvafiq hallarda digər tədqiqatçılar tərəfindən təsdiqlənə bilməsi əhəmiyyət daşıyır”.
Günel Əzimovanın sözlərinə görə, kimya üzrə mühüm kəşflər təkcə bu elmlə məhdudlaşmır, fizika, biologiya, tibb, materialşünaslıq, energetika və ətraf mühit elmlərində də yeni imkanlar yarada bilir: “Fundamental elmin əhəmiyyəti bəzən onun praktiki tətbiqlərindən daha əvvəl üzə çıxır. Buna görə də Nobel mükafatına layiq görülmək üçün kəşfin mütləq dərhal kommersiya məhsuluna çevrilməsi və ya qısa müddətdə iqtisadi gəlir gətirməsi şərt deyil. Kəşfin uzunmüddətli təsiri, sonrakı tədqiqatlara verdiyi istiqamət və yeni texnologiyaların yaranmasına yaratdığı imkanlar da nəzərə alınır”.
O, 2026-cı il Kimya üzrə Nobel mükafatını bu meyarların konkret elmi nümunəsi kimi qiymətləndirib. İsveç Kral Elmlər Akademiyasının rəsmi elanına əsasən, mükafat Henri B. Kagan və Kenso Soaiyə asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə verilib: “Bəzi molekullar bir-birinin güzgü əksi olan iki formada mövcuddur. İnsan əllərinin sağ və sol əllər kimi bir-birinin güzgü əksi olması ilə müqayisə edilə bilən bu xüsusiyyət xiralıq adlanır. Molekulların bu iki forması eyni atom tərkibinə malik olsa da, bioloji sistemlərlə qarşılıqlı təsirləri fərqlənə bilər. Buna görə də molekulyar xiralığın idarə olunması müasir dərman kimyası və üzvi sintez üçün xüsusi əhəmiyyət daşıyır”.
Alimin sözlərinə görə, avtokataliz və asimmetrik sintezlə bağlı tədqiqatlar kimyəvi sistemlərdə kiçik asimmetriyanın necə güclənə bildiyini anlamağa imkan verir: “Avtokataliz zamanı reaksiya nəticəsində yaranan məhsul eyni zamanda həmin reaksiyanın gedişini sürətləndirə bilir. Asimmetrik sintezdə isə müəyyən xiral formanın üstünlüyü bəzi hallarda qeyri-xətti şəkildə arta bilər. Bu hadisələrin öyrənilməsi həyatın kimyasında molekulların niyə çox vaxt yalnız bir güzgü formasına üstünlük verdiyi sualının araşdırılması baxımından da əhəmiyyətlidir. Bununla belə, həmin nəticələri həyatın mənşəyi probleminin tam həlli kimi təqdim etmək düzgün olmazdı”.
O, Azərbaycanda kimya elminin beynəlxalq səviyyədə tanınması üçün perspektivli tədqiqat istiqamətlərinin olduğunu bildirib. Neft-kimya prosesləri, kataliz, nanomateriallar, polimerlər, membran texnologiyaları, hidrogen enerjisi, karbon qazının tutulması və çevrilməsi, eləcə də ekoloji kimya bu istiqamətlər sırasındadır: “Beynəlxalq elmi uğur əldə etmək üçün yalnız mövcud texnologiyaların təkmilləşdirilməsi ilə kifayətlənmək lazım deyil. Yeni fundamental prinsiplərin, qeyri-adi reaksiyaların və əvvəllər məlum olmayan mexanizmlərin kəşfinə yönəlmək vacibdir”.
Günel Əzimova gənc alimlərin dəstəklənməsini, müasir laboratoriyaların yaradılmasını və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini də mühüm amillərdən hesab edir: “Azərbaycan alimlərinin tədqiqatlarının nüfuzlu jurnallarda dərc olunması, beynəlxalq konfranslarda iştirak etməsi və aparıcı elmi qruplarla uzunmüddətli əməkdaşlıq qurması vacibdir. Azərbaycanın gələcək Nobel perspektivləri yalnız arzu ilə deyil, uzunmüddətli elmi siyasət, yaradıcı tədqiqat mühiti və fundamental elmdə yeni kəşflər yaratmaq məqsədi ilə formalaşa bilər. Əsas hədəf yalnız Nobel mükafatını əldə etmək deyil, dünya elminə mühüm və orijinal töhfələr verən elmi mühit qurmaq olmalıdır”.
Nigar Xəlilli
21:00 14.10.2026
Oxunuş sayı: 47