Rusiya ABŞ-yə birbaşa dizel yanacağı tədarük etməyi planlaşdırır
Rusiya ABŞ-yə birbaşa dizel yanacağı tədarükü ilə bağlı danışıqlar aparır. Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Novakın sözlərinə görə, tərəflər Rusiya dizel yanacağının tədarükünə dair müqavilələrin bağlanmasını müzakirə edirlər. İlk partiyanın ABŞ-yə göndərilməsi üçün müqavilənin imzalanması və müəyyən vaxt tələb olunur.
O bildirib ki, tərəflər sanksiya məhdudiyyətləri şəraitində tədarükə imkan verəcək mexanizm tapmaq niyyətindədirlər.
Novakın iddiasına görə, dizel ixracı Rusiyada neft emalının həcmini artırmağa və büdcə gəlirlərini yüksəltməyə imkan verə bilər. Onun sözlərinə görə, ilin sonunadək Rusiyanın aylıq tədarük həcmini 3,5 milyon tona çatdırmaq və bazarın 10 faizini tutmaq potensialı var.
Baş nazirin müavini Rusiya yanacaq-energetika sektoruna qarşı sanksiyaların daha da yumşaldılmasının bazardakı vəziyyətdən və tərəflər arasındakı münasibətlərdən asılı olacağını qeyd edib.
Novak Rusiyanın daxili yanacaq bazarındakı vəziyyətin əvvəlki ayla müqayisədə xeyli yaxşılaşdığını bildirib. Onun sözlərinə görə, bir neçə neft emalı zavodu təmir işlərindən sonra fəaliyyətini bərpa edib, enerji infrastrukturunun qorunması da gücləndirilir. Bununla belə, bazardakı vəziyyətin gələcək dinamikasının enerji obyektlərinə hücumlardan da asılı olacağı vurğulanıb.
O əlavə edib ki, Rusiya infrastruktur imkanları və daxili neft emalı gücləri genişləndikcə neft hasilatını bərpa etməyə və artırmağa davam edəcək.
20:21 14.10.2026
Oxunuş sayı: 138