CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: ət

04:23 28.09.2026

Maliyyə istintaqında yeni mərhələ: 45 şirkət və 19 fond üzrə tədbirlər ləğv edildi

49

İstanbul Respublika Baş Prokurorluğunun terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə bağlı apardığı araşdırmada 45 şirkət və 19 fond üzrə tətbiq edilən tədbirlərin ləğv olunmasına qərar verilib. Crossmedia.az xəbər verir ki, araşdırma çərçivəsində Baş Prokurorluğun aidiyyəti qurumlara göndərdiyi yazıda bəzi şəxslərin və qurumların hesablarında olan kapital bazarı alətlərinin dondurulması tələb edilmişdi. Məlumata görə, Sermaye Piyasası Kurulu (SPK) və digər aidiyyəti qurumlar tərəfindən aparılan yeni qiymətləndirmə və təqdim edilən məlumatlardan sonra həmin şirkət və fondlarla bağlı tətbiq olunan tədbirlərin, eləcə də əmlakın dondurulması qərarının aradan qaldırılması qərara alınıb. Araşdırma çərçivəsində ümumilikdə 45 şirkət və 19 fond üzrə tədbirlərin ləğv edildiyi, fiziki şəxslərlə bağlı tətbiq olunan tədbirlərin isə qüvvədə qaldığı bildirilir. Araşdırmada 51 nəfər həbs edilib İstanbul Respublika Baş Prokurorluğunun Maliyyə Cinayətləri və Terrorçuluğun Maliyyələşdirilməsi Bürosunun apardığı araşdırma çərçivəsində daha əvvəl bir sıra şirkət və fondların rəhbər şəxsləri saxlanılıb. İstintaq zamanı şirkət rəhbərlərinin şəxsiyyət məlumatlarının, 2024-cü ildən bu yana xaricə həyata keçirdikləri pul və kriptovalyuta köçürmələrinin, həmçinin hesablar üzrə bütün maliyyə hərəkətlərinin araşdırılması tələb olunub. İndiyədək aparılan əməliyyatlar nəticəsində 51 şübhəlinin həbs edildiyi bildirilir. Bir sıra digər şəxslər isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb və ya məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Araşdırmanın davam etdiyi qeyd olunur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR