İspaniyada iki sürət qatarı toqquşub: Ən azı 46 nəfər ölüb
İspaniyanın Toledo əyalətində iki yüksəksürətli sərnişin qatarının toqquşması nəticəsində azı 46 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, İspaniyanın “El Español” nəşri bu barədə fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 28-də yerli vaxtla saat 08:54 radələrində Los-Yebenes və Urda yaşayış məntəqələri arasında baş verib.
İlkin məlumatlara görə, “Renfe” şirkətinə məxsus AVE qatarı “Iryo” şirkətinin qatarı ilə toqquşub. Qəza nəticəsində iki vaqon relsdən çıxaraq yamacdan aşağı düşüb.
Hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Yaralıların qəbuluna hazırlıq məqsədilə Toledo Universitet Xəstəxanasında planlaşdırılmış əməliyyatlar təxirə salınıb.
Qəza ilə əlaqədar Madrid və Əndəlüs arasında yüksəksürətli dəmir yolu hərəkəti dayandırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
14:04 28.10.2026
Oxunuş sayı: 202