Ermənistan parlamenti Zəngəzurdan keçəcək TRIPP layihəsini təsdiqləyib
Ermənistan parlamenti Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməyi nəzərdə tutan TRIPP layihəsinə dair ABŞ ilə çərçivə sazişini ratifikasiya edib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın “Novosti-Armeniya” agentliyi bu barədə məlumat yayıb.
Oktyabrın 28-də keçirilən səsvermədə sazişin lehinə 63, əleyhinə isə 32 deputat səs verib.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan layihə Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçərək Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.
Sazişə əsasən, layihənin həyata keçirilməsi üçün ABŞ və Ermənistanın iştirakı ilə birgə şirkətin yaradılması planlaşdırılır.
Şirkətdə səhmlərin 74%-i ABŞ-nin nəzarətində olan quruma, 26%-i isə Ermənistana məxsus olacaq.
Razılaşma ilkin olaraq 49 illik müddəti əhatə edir. Müddət daha 50 il uzadılarsa, Ermənistanın şirkətdəki payı 49%-ə yüksələcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, layihə çərçivəsində ölkə ərazisində yaradılacaq infrastruktur Ermənistanın suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək.
TRIPP layihəsi dəmir yolu və avtomobil yollarının, elektrik ötürücü xətlərin, fiber-optik rabitə infrastrukturunun, eləcə də mümkün neft və qaz kəmərlərinin inkişafını əhatə edə bilər.
14:37 28.10.2026
Oxunuş sayı: 55