3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində müşavirə keçirilib
Oktyabrın 28-də “A.M.Şərifzadə küç. 157” ünvanı üzrə (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Crossmedia.az xəbər verir ki, müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru, ƏPT sədri Zaur Əfəndiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru, ƏPT sədri Zaur Əfəndiyev tədbir iştirakçılarını salamlayaraq ölkəmizin dövlət xidmətləri sahəsində brendinə çevrilmiş "ASAN xidmət" mərkəzində keçirilən bu görüşün mühüm sosial və ideoloji əhəmiyyət daşıdığını bildirib. Z.Əfəndiyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin modern idarəçilik modelini yeni keyfiyyət mərhələsinə yüksəldən mühüm siyasi hadisədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi dövlət qulluğunda şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi, rəqəmsal innovasiyaların tətbiqi və gənc kadr potensialının inkişafı istiqamətində mərkəzin fəaliyyətinin qarşısına mühüm vəzifələr qoyur. Mərkəzin direktoru qeyd edib ki, kollektivimiz cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət idarəçiliyi islahatlarına hər zaman dəstək verir və partiyanın ideoloji prinsiplərinin təbliğində fəal mövqe nümayiş etdirir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və konseptual nitqinin ideoloji-siyasi mahiyyəti, müasir dövlət idarəçiliyində şəffaflıq prinsipləri və "ASAN xidmət" konseptinin milli inkişaf modelindəki xüsusi yeri barədə geniş, ətraflı məruzə ilə çıxış edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin siyasi sabitliyinin, sosial-iqtisadi tərəqqisinin və dövlətçilik təfəkkürünün ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini müasir dövrün çağırışlarına uyğun olaraq uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi-siyasi müstəvidə tarihi Zəfərlər qazanmış, həm də dövlət idarəçiliyində unikal və modern standartlar formalaşdırmışdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar və partiya sədrinin irəli sürdüyü prioritetlər dövlət xidmətləri sahəsində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işində keyfiyyətcə yeni mərhələ açmışdır. "ASAN xidmət" mərkəzlərində çalışan gənc mütəxəssislər və fəal könüllülər yalnız nəzakətli və çevik xidmət göstərməklə kifayətlənməməli, həm də dövlətçilik ideallarının, vətənpərvərlik ruhunun və partiya prinsiplərinin daşıyıcısı kimi cəmiyyətimizə nümunə olmalıdırlar. Ərazi partiya təşkilatı gənclərin ideoloji baxımdan yetkinləşməsi, onların partiya həyatına daha fəal inteqrasiya olunması istiqamətində ardıcıl və məqsədyönlü iş aparmalıdır. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev vurğulayıb ki, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin ərazi partiya təşkilatı dinamik, gənc və innovativ kadr potensialına malikdir. YAP Yasamal rayon təşkilatı cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılması, partiya sıralarının keyfiyyətcə zənginləşməsi və ideoloji işin təsir gücünün artırılması istiqamətində mərkəzin fəalları ilə sıx əməkdaşlığı ardıcıl olaraq sürdürəcəkdir.
Çıxış edən “A.M.Şərifzadə küç. 157” ünvanı üzrə (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi) ərazi partiya təşkilatının sədr müavini Səbinə Rzayeva mərkəzdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti, rəqəmsal imkanların genişləndirilməsi, "ASAN Könüllüləri" hərəkatının gənclərin fərdi inkişafındakı rolundan və ərazi partiya təşkilatının təşkilati fəaliyyətindən söz açıb. S.Rzayeva vurğulayıb ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın "ASAN xidmət" fəaliyyətinə və gənclərə göstərdiyi diqqət və qayğı kollektivi daha əzmlə çalışıb yüksək nəticələr əldə etməyə həvəsləndirir. O, YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik fəaliyyətlərində rəhbər tutacaqlarını və partiya ideallarının təbliğində ön sıralarda olacaqlarını bəyan edib.
Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.
13:17 28.10.2026
Oxunuş sayı: 79