Allahşükür Paşazadədən Azərbaycanın dini irsi ilə bağlı AÇIQLAMA
Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.
Crossmedia.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi" panel sessiyasında deyib.
QMİ sədri vurğulayıb ki, dünyanın aparıcı dini mərkəzi – Vatikan ilə qarşılıqlı əlaqələrin tarixində bu il Zati-müqəddəsləri Papa 14-cü Leo ilə görüş xüsusi önəm kəsb edən hadisə olub:
"Dini mərkəzlərimiz arasında əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Vatikanla birgə Romada keçirdiyimiz İftar qardaşlıq süfrəsi artıq ənənəvi xarakter alıb. Mütəmadi, davamlı iştirak etdiyimiz qlobal platformalarda - Böyük İyirmilik Sammitləri ərəfəsində keçirilən Dinlərarası Forumlarda, Dünya və Ənənəvi Dinlərin liderlərinin Astana Qurultaylarında, Dinlər Sülh uğrunda təşkilatının illik toplantılarında və digər mötəbər forumlarda mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlıq işinə öz töhfəmizi veririk. Fəxr edirəm ki, dinlərarası dialoq və məzhəblərarası anlaşma məkanı kimi tanınan ölkəmizin unikal təcrübəsi nümunə olaraq qəbul edilir".
Onun sözlərinə görə, işğaldan azad olunan torpaqlarda məscidlərlə yanaşı pravoslav və erməni kilsəsi, alban məbədləri bərpa olunur:
"Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür".
12:59 28.10.2026
Oxunuş sayı: 120