Zelenski: “Starlink” yenidən tam sürətlə işləyir
Ukrayna ordusunun istifadəsində olan “Starlink” və “Starshield” peyk rabitəsi sistemlərinin sürətinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” qəzeti bu barədə məlumat yayıb.
Oktyabrın 24-də Ukrayna Prezidenti Volodimir Zelenski sistemlərin əvvəlki sürətlə fəaliyyətini bərpa etdiyini açıqlayıb. O, problemin həllinə görə ABŞ Prezidenti Donald Trampa və Dövlət Departamentinə təşəkkür edib.
Zelenskinin sözlərinə görə, rabitənin bərpası cəbhədə logistika imkanlarının qorunması və Rusiyanın reaktiv mühərrikli pilotsuz uçuş aparatlarına qarşı müdafiə baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla belə, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna hərbçilərini “Starlink” xidmətindən istifadə qaydalarını pozmaqda ittiham edib.
“Ukrayna ordusu ‘Starlink’in xidmət şərtlərini pozaraq ondan hücum dronları vasitəsilə insanları öldürmək üçün istifadə edib. Ötən həftə bu imkan məhdudlaşdırılıb”, – deyə Mask sosial şəbəkədə bildirib.
Nəşrin məlumatına görə, oktyabrın ortalarında tətbiq edilən məhdudiyyətlər peyk terminallarının hərəkət sürətini saatda 160 kilometrlə məhdudlaşdırıb. Bu isə Ukraynanın bəzi hərbi əməliyyatlarının baş tutmamasına səbəb olub.
Ukrayna Prezidentinin müşaviri Sergey Beskrestnov bildirib ki, ölkəsi “Starlink”dən orta və uzaq mənzilli hücum dronlarının idarə edilməsində istifadə edə bilmir.
Məhdudiyyətlərin tətbiqinə görə məsuliyyət məsələsində isə tərəflər fərqli mövqelər səsləndiriblər.
Mask “Starshield” sistemlərinin ABŞ hökumətinin nəzarətində olduğunu və istifadəyə dair məhdudiyyətlərin Vaşinqton tərəfindən müəyyənləşdirildiyini bildirib.
ABŞ dövlət katibi Marko Rubio isə Prezident Trampın “Starlink” və “Starshield” sistemləri ilə bağlı qərarlara müdaxilə etmədiyini deyib.
Zelenski məhdudiyyətlərin ABŞ hökumətinin göstərişi əsasında “SpaceX” tərəfindən texniki olaraq həyata keçirildiyini iddia edib.
ABŞ Prezidenti Donald Tramp isə problemin həll edildiyini eşitdiyini, əks halda İlon Maskla danışacağını bildirib.
15:49 28.10.2026
Oxunuş sayı: 49