11:54 23.10.2026
Əraqçı: İsrail ABŞ-nin 11 milyard dollarını xərcləyib
86
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın son üç ildə İsrailin raket hücumlarından müdafiəsinə 11 milyard dollar xərclədiyini bildirərək iki ölkə arasındakı hərbi əməkdaşlığı sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Əraqçi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, Vaşinqton İsrailin hava hücumundan müdafiəsini təmin etmək üçün Amerika vergiödəyicilərinin vəsaitlərindən milyardlarla dollar istifadə edib.
“ABŞ son üç ildə İsrailin raketdən müdafiəsinə vergiödəyicilərinin 11 milyard dollarını xərcləyib. İsraili müdafiə etmək üçün ABŞ İsrailin özündən daha çox raket əleyhinə vasitə istifadə edib”, – deyə Əraqçi bildirib.
İranın xarici işlər naziri Vaşinqtonla Təl-Əviv arasındakı münasibətləri qeyri-bərabər hesab etdiyini vurğulayıb.
“Bu, qarşılıqlı faydalı münasibət deyil, parazitar münasibətdir”, – deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ-ın İsrailin müdafiəsi üçün istifadə etdiyi raket əleyhinə vasitələrin sayına və xərclərinə dair 11 milyard dollarlıq qiymətləndirmə müstəqil analitik hesablamalara əsaslanır.