İran yeraltı dron zavodunu nümayiş etdirdi
İran dövlət televiziyası ölkənin pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün nəzərdə tutulmuş yeraltı müəssisəsinin görüntülərini yayımlayıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə İran dövlət televiziyasının yaydığı kadrlara istinadən məlumat yayıb.
Görüntülərdə İran ordusunun baş komandanı Əmir Hatəminin müəssisəyə baş çəkdiyi, istehsal sahələrinə baxış keçirdiyi və hərbi texnika ilə tanış olduğu əks olunub.
Oktyabrın 22-də dövlət televiziyasına açıqlama verən Hatəmi ölkənin pilotsuz uçuş aparatlarının istehsal imkanlarını genişləndirdiyini bildirib.
“Biz istehsal mərkəzlərimizi genişləndirmişik və hazırda kifayət qədər yaxşı ehtiyatlarımız var”, – deyə o vurğulayıb.
Məlumata görə, İran ABŞ və İsraillə müharibə başlamazdan əvvəl Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malik ölkə hesab olunurdu. ABŞ hökumətinin qiymətləndirməsinə əsasən, bu arsenalda hava hücumundan müdafiə sistemlərinin qarşısını almaqda çətinlik çəkdiyi kaset döyüş başlıqlı raketlər də yer alıb.
İranın inkişaf etmiş dron sənayesi də mövcuddur. Müharibədən əvvəl ölkənin ayda təxminən 10 min pilotsuz uçuş aparatı istehsal etmək imkanına malik olduğu bildirilirdi. Bu sahədə əsas modellərdən biri “Shahed” kamikadze dronlarıdır.
“The New York Times” nəşrinin məlumatına görə, “Shahed-136” dronunun istehsal dəyəri təxminən 35 min ABŞ dollarıdır. Onların zərərsizləşdirilməsi üçün istifadə edilən müasir hava hücumundan müdafiə vasitələri isə ABŞ ordusuna bu il milyardlarla dollara başa gəlib.
Qeyd edək ki, “Reuters” nümayiş etdirilən görüntülərin harada və nə vaxt çəkildiyini müstəqil şəkildə təsdiqləyə bilməyib.
09:48 23.10.2026
Oxunuş sayı: 56