Yolu keçərkən bunları etməyin! – DYP-dən XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artan təhlükəsinə diqqət çəkərək vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
“Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilsə də, bəzi şəxslər yol hərəkəti qaydalarına laqeyd yanaşmaqda davam edirlər.
İdarənin məlumatına görə, piyadaların iştirakı ilə baş verən qəzaların böyük əksəriyyəti piyada zolaqlarının, yeraltı və yerüstü keçidlərin yaxınlığında, xüsusilə sutkanın qaranlıq saatlarında qeydə alınır.
Bu səbəbdən BDYPİ piyadaları yolu keçərkən diqqətli olmağa, mobil telefon və qulaqlıqdan istifadə etməməyə çağırıb.
Həmçinin vətəndaşlara yalnız müəyyən edilmiş keçidlərdən istifadə etmək, svetoforun tələblərinə riayət etmək və eynisəviyyəli piyada keçidlərində ləngiməmək tövsiyə olunub.
İdarə xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.
10:13 23.10.2026
Oxunuş sayı: 54