Trampın Ukrayna siyasəti tənqid olunur: Rusiya güzəştlər qazana bilər
ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasəti və onun nümayəndələrinin Rusiya ilə apardığı danışıqlar Kiyevdə ciddi narahatlıq yaradıb.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın “The Economist” nəşri mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin əsas məqsədlərini düzgün qiymətləndirmirlər.
Onların Putinin daha çox iqtisadi maraqlar və ərazi məsələlərinə üstünlük verdiyini düşündükləri, lakin Kremlin millətçi-siyasi ambisiyalarını nəzərə almadıqları iddia olunur. Mənbələr hesab edirlər ki, bu yanaşma ABŞ nümayəndələrini Rusiyanın mümkün manipulyasiyalarına qarşı həssas edir.
ABŞ administrasiyasındakı mənbələrdən biri isə Trampın Ukraynanı kapitulyasiyaya məcbur etmək niyyətində olmadığını bildirib. Onun fikrincə, ABŞ Prezidenti Rusiyanın uğurlu informasiya əməliyyatının təsiri altına düşüb.
Mənbə iddia edib ki, Tramp Konqresə keçiriləcək aralıq seçkilər ərəfəsində reytinqlərinin aşağı düşməsindən narahatdır. Demokratların administrasiyanın fəaliyyətinə dair araşdırmaları genişləndirməsi halında onun daha sərt qərarlar verə biləcəyi ehtimal olunur.
Ukrayna rəsmiləri isə Vaşinqton nümayəndələrinin müharibə başa çatmamış Moskva ilə qarşılıqlı faydalı iqtisadi razılaşmalar əldə etməsindən ehtiyatlanırlar.
“Onların baxışına görə, niyə gözləyib vaxt itirmək lazımdır? Vaxt puldur”, – deyə ukraynalı rəsmilərdən biri bildirib.
Nəşrin təhlilinə əsasən, Rusiya sülh danışıqlarını uzadaraq yeni güzəştlər, xüsusilə Qərb sanksiyalarının yumşaldılmasına nail olmağa çalışa bilər.
Bununla yanaşı, “The Economist” son iki həftədə baş verən hadisələrin Putinin mövqeyini gücləndirdiyini qiymətləndirir.
Qeyd edək ki, ABŞ və Rusiya Ukrayna ilə bağlı üçtərəfli danışıqların bərpası imkanlarını müzakirə edirlər. Lakin tərəflər arasında əsas fikir ayrılıqları hələ də qalır.
10:32 23.10.2026
Oxunuş sayı: 49