Rusiya ABŞ seçkilərinə süni intellektlə müdaxilədə ittiham olunur
Rusiya ABŞ Konqresinə keçiriləcək aralıq seçkilər ərəfəsində Ukraynanı dəstəkləyən namizədləri nüfuzdan salmaq üçün süni intellekt vasitəsilə hazırlanmış saxta məzmunlardan istifadə etməkdə ittiham olunur.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri ABŞ kəşfiyyatının Konqresə təqdim etdiyi məxfi hesabata istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ Konqresinin hər iki palatasının nümayəndələri Rusiyanın sosial şəbəkələr vasitəsilə Amerika ictimai rəyinə təsir göstərməyə və Ukraynanı dəstəkləyən siyasətçiləri nüfuzdan salmağa çalışdığına dair məlumatların artdığını bildiriblər.
Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Cim Hayms qeyd ediblər ki, Rusiya ilə əlaqələndirilən şəbəkələr dezinformasiyanı daha sürətlə yaymaq üçün süni intellekt texnologiyalarından istifadə edir.
İddialara əsasən, Rusiya ilə əlaqəli “Storm-1516” qrupu bu yaxınlarda Texas ştatından Senata namizəd Ceyms Talarikonu hədəfə alan saxta videoları “X” sosial şəbəkəsində yayıb.
Süni intellektlə hazırlanmış həmin videolarda siyasətçiyə qarşı cinsi zorakılıqla bağlı əsassız ittihamlar irəli sürülüb. Məzmun qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.
Bununla belə, ABŞ kəşfiyyatı indiyədək seçki infrastrukturunun sındırılmasına və ya səsvermə sistemlərinə müdaxilə edilməsinə dair sübut aşkar etməyib.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilərin noyabrın 3-də keçirilməsi nəzərdə tutulur.
09:58 23.10.2026
Oxunuş sayı: 52