"Çips, kolbasa, qazlı içki..." – Övladlarımızı hər gün zəhərləyən təhlükə!
Uşaqlarda onkoloji xəstəliklərin artması, erkən diaqnostika və müalicəyə əlçatanlıq məsələləri son dövrlər diqqət mərkəzində olan mühüm səhiyyə mövzularındandır. Xüsusilə uşaqlar arasında xərçəng xəstəliklərinin risk faktorları, ilkin əlamətlərin vaxtında aşkarlanması və ailələrin müalicə xərcləri ilə bağlı üzləşdiyi çətinliklər narahatlıq doğurur. Erkən diaqnoz bir çox hallarda müalicənin uğurlu nəticələnməsi üçün mühüm rol oynayır. Buna görə valideynlərin uşaqların səhhətindəki dəyişikliklərə diqqət yetirməsi və şübhəli əlamətlər zamanı həkimə müraciət etməsi xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, onkoloji müalicənin yüksək xərci bu xəstəliklə üzləşən ailələr üçün ciddi maliyyə yükünə çevrilə bilər. Bu baxımdan uşaqların onkoloji müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması məsələsi də gündəmdə olan vacib istiqamətlərdəndir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən tibb elmləri doktoru, onkoloq Fərid Museyibov uşaqlar arasında onkoloji riskləri, xəstəliyin gizli əlamətlərini və sığorta sistemindəki böyük yeniliyi ətraflı şərh edib:

"Onkoloji xəstəliklər günümüzün və əsrimizin əsas bəlalarından biri, elə birincisi hesab olunur. Bu xəstəlik gündən-günə həm sayca çoxalır, həm də gənclər və uşaqlar arasında daha geniş yayılır. Burada da ilk sırada qidalanma faktoru durur. Bilirik ki, artıq cavan uşaqlar da hər gün fast-food qidalardan, ultraemal olunmuş zərərli məhsullardan yararlanırlar. Çipsilər, kolbasa və sosiska məhsulları, qazlı içkilər, tütün məmulatları və alkoqol uşaqlar arasında onkoloji xəstəliklərin gündən-günə sayının artmasına gətirib çıxaran əsas amillərdən biridir".
Ekspert xəstəliyin ilkin mərhələdə tam müalicə olunduğunu bildirərək valideynlərə vacib xəbərdarlıq edib:
"Biz hər zaman demişik: nə qədər tez aşkarlanarsa, bir o qədər də bu, tam müalicə olunan bir xəstəlikdir. Birinci və ikinci mərhələdə əgər xəstə bizə müraciət edərsə, təbiidir ki, tam sağalır. Amma uşaqlar öz səhhətlərinə fikir verə bilmirlər. Buradan valideynlərə səslənirik ki, uşaqlara daimi nəzarət etsinlər. Əgər dəri rəngində qansızmalar, iştahasızlıq, kəskin zəifləmə, uzunmüddətli yüksək temperatur və ya keçməyən öskürək varsa, təcili həkimə və yerli poliklinikalara müraciət edilməlidir. Erkən aşkarlama müalicənin ən önəmli şərtidir".
Fərid Museyibov İcbari Tibbi Sığortadakı son yenilikləri və 2027-ci il planını diqqətə çatdıraraq fikrini yekunlaşdırıb:
"Ölkəmizdə tətbiq olunan İcbari Tibbi Sığorta sisteminə ilk vaxtlar onkoloji xəstəliklərin erkən müayinəsi daxil deyildi. Artıq erkən diaqnostikada istifadə olunan qan analizləri, ultrasəs (USM), rentgen, MRT və KT müayinələri sığorta paketinə salınıb. Uşaqlar bizim ən həssas yerimiz olduğu üçün gələn ildən — 2027-ci ildən birinci növbədə uşaq onkologiyasının, yəni bu xəstəlikdən əziyyət çəkən uşaqların İcbari Tibbi Sığorta sisteminə daxil edilməsi nəzərdə tutulur. Onkoloji müalicələr çox baha başa gəldiyi üçün uşaqlarımızın sığorta əhatəsinə alınması ailələr üçün müstəsna və həyati dərəcədə önəmli hadisə olacaqdır".
Zeynəb Həsən
10:00 23.10.2026
Oxunuş sayı: 238