Tramp “The New York Times”ı saxta sorğu nəticələri yaymaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini saxta ictimai rəy sorğularının nəticələrini dərc etməkdə ittiham edərək nəşrə qarşı məhkəmə iddiasının daha da gücləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında “Wedgewood Polls” şirkətinin sorğu nəticələrini saxtalaşdırdığını etiraf etməsinə münasibət bildirib.
“‘The New York Times" ifşa olundu! Onlar nəticələrinin uydurma və saxta olduğunu etiraf edən ‘Wedgewood Polls’ şirkətinin məlumatlarından istifadə ediblər”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp belə hallarla siyasi fəaliyyətinin əvvəlindən qarşılaşdığını iddia edib.
“Əvvəldən bəri məhz belə hallarla üzləşmişəm. Onlara qarşı açdığımız ciddi məhkəmə iddiası hər gün daha da güclənir. Uğursuz "The New York Times’la bağlı hər şey sünidir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, “Wedgewood Polls” oktyabrın 20-də yayımladığı açıqlamada sorğu məlumatlarını saxtalaşdırdığını etiraf edib. Bu, “FiftyPlusOne” analitik platformasının şirkətin təqdim etdiyi məlumatlarda uyğunsuzluqlar aşkar etməsindən sonra baş verib.
“The New York Times” saxta olduğu müəyyən edilən sorğuları məlumat bazasından çıxarıb. Qəzet bildirib ki, həmin nəticələr Trampın prezident kimi fəaliyyətinə ictimai dəstək göstəricisinin hesablanmasında istifadə edilməyib.
10:45 23.10.2026
Oxunuş sayı: 59