İranın rəhbərliyi altında narkotik imperiyası: Suriyanın Captagon ticarəti ifşa olundu
Suriyada Əsəd rejimini devirmiş və ölkənin faktiki hakimləri olmuş Suriya üsyançıları İranın rəhbərlik etdiyi narkotik oxu ilə əlaqəli olan gizli Captagon sənayesini üzə çıxardı.
2024-cü ilin dekabrında Suriya lideri Bəşər Əsəd rejiminin devrilməsi nəticəsində rejimin təhlükəsizlik qərargahlarında, saraylarında və hətta yüksək vəzifəli şəxslərin yaşayış yerlərində Captagon istehsalı üzrə nəhəng sənaye kompleksləri üzə çıxdı.
Üsyançı qruplar Əsəd rejiminin Captagon imperiyasını aşkar edib məhv etməzdən əvvəl Qərb kəşfiyyat orqanları, narkotiklərlə mübarizə qurumları, jurnalistlər və təhlilçilər uzun müddət Captagonun İŞİD terror qruplaşması tərəfindən istehsal edilərək qaçaqmalçılıq yolu ilə göndərildiyini və fəaliyyətlərini maliyyələşdirmək məqsədilə istifadə edildiyini düşünürdülər.
Məsələn, İtaliya hakimiyyəti 2020-ci ilin iyul ayında 84 milyondan çox Captagon həbi (ümumi çəkisi 14 ton) müsadirə etdi. Dəyəri 1 milyard avrodan çox olan bu həblər kağız və polad silindrlərə gizlədilmişdi və İtaliyanın cənubundakı Salerno limanına gətirilmişdi. O dövrdə İtaliya hakimiyyəti bu yükü səhvən İŞİD-lə əlaqələndirdi, halbuki bu yükün, İran və ya Əsəd rejimi ilə bağlı olduğu müxtəlif əlamətlərlə açıq şəkildə görsənirdi.
İtalyan müstəntiqlərin yükün İŞİD-lə əlaqələndirməsi ilə bağlı gəldikləri yalnış nəticə ya dəqiq məlumatların olmaması, ya səhv yönləndirilmə, ya da ideoloji motivlərə izah edilə bilər. Lakin Yaxın Şərqi tanıyanlar üçün bu miqyasda narkotik ticarətinin İran, Hizbullah və Əsəd rejiminin iştirakı olmadan mövcud ola bilməyəcəyi aydın idi.Hizbullah və Captagon ticarətinin başlanğıcı
Yuxarıda göstərilən yükün Suriyadan, xüsusən də Latakiya limanından göndərilməsi onun İŞİD əməliyyatı olmadığını göstərir. Latakiya, Əsəd rejiminin böyük təsir və nəzarətə malik olduğu Ələvi azlığının qalasıdır. Üstəlik, Latakiya limanı həmin dövrdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nəzarətində idi və belə bir böyük yükün yalnız İran, Hizbullah və Əsəd rejimi tərəfindən istehsalı və göndərilməsi mümkün idi.
2011-ci ildə Suriya üsyanından sonra Captagon sənayesi Əsəd rejiminin nəzarət etdiyi ərazilərə keçməzdən əvvəl bu sənaye Livanda yaxşı qurulmuşdu. Livanda Captagon istehsalı və ticarəti əsasən Hizbullah, onların himayəsində olan şiə narkotik lordları və tayfalar tərəfindən həyata keçirilirdi.
İqtisadi təsir və Əsəd ailəsinin gəlirləri
Böyük Britaniya hökumətinin qiymətləndirməsinə görə, Əsəd dünya üzrə Captagon istehsalının 80%-nə cavabdeh idi. Captagonun illik qlobal ticarəti təxminən 10 milyard dollar dəyərində idi və devrilmiş Əsəd ailəsinin illik qazancı təxminən 2,4 milyard dollar təşkil edirdi.
Captagon əsasən İİKK-nin nəzarətində olan Latakiya limanı vasitəsilə dəniz yolu ilə və İordaniyanın quru sərhədlərindən Avropa və Ərəb Körfəzi ölkələrinə ixrac edilirdi. Əsəd ailəsinin çoxsaylı üzvləri və ona yaxın olan rəsmilər bu ticarətdən böyük gəlir əldə edirdilər.
"Müqavimət oxu"ndan narkotik xəttinə
Əsəd rejiminin devrilməsi ilə üsyançılar İranın rəhbərlik etdiyi narkotik oxunun və Əsəd rejiminin narkotik imperiyasının gizli miqyasını üzə çıxardı. İran rəsmilərinin "müqavimət oxu"nun bir hissəsi olaraq Əsədə və Hizbullaha dəstək verdiklərini iddia etməsinə baxmayaraq, bunun müqavimət deyil, əslində narkotik xətləri olduğu aydın oldu.
15:35 01.01.2025
Oxunuş sayı: 5025