Yeni Kaledoniya və Fransız Polineziyası Bakıya gəliblər
Sabah Bakıda start götürəcək FIFA U-15 dünya çempionatı və festivalında Kanaki (Yeni Kaledoniya) və Maʻohi Nui (Fransız Polineziyası) komandaları da iştirak edəcək.
Bakı Təşəbbüs Qrupundan Crossmedia.az-a bildirilib ki, qurum sosial şəbəkələrdə "Sakit okeandan Azərbaycana – Futbol bizi birləşdirir!" başlıqlı paylaşım edərək hər iki ərazinin gənc futbolçularına uğurlar arzulayıb.
Bakı Təşəbbüs Qrupu gənc idmançıların Azərbaycana səfərinin onlar üçün yeni dostluqlar qurmaq, unudulmaz təcrübələr qazanmaq, eləcə də xalqlarının zəngin mədəniyyətini və ənənələrini dünyaya tanıtmaq baxımından əhəmiyyətli fürsət olacağına ümidvar olduğunu bildirib.
Paylaşımda futbolun yalnız idman növü olmadığı, eyni zamanda gəncləri bir araya gətirən, müxtəlif mədəniyyətlər arasında körpülər yaradan və daha yaxşı gələcəyə ümid aşılayan vasitə olduğu vurğulanıb.
Qeyd edək ki, 189 ölkənin iştirakı və minə yaxın oyunun keçiriləcəyi mundial dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək. Oyunları oktyabrın 24-dən 30-dək keçiriləcək.
11:39 23.10.2026
Oxunuş sayı: 67