Dostu olan insanlar daha uzun yaşayır
İnsan sağlamlığı deyəndə adətən qidalanma, fiziki aktivlik və tibbi müayinələr ön plana çıxır. Lakin beynəlxalq araşdırmanın nəticələri göstərir ki, sağlamlığımıza təsir edən amillər arasında sosial münasibətlərin də mühüm rolu var. 22 ölkədən 204 min 907 yetkin insanın məlumatlarının təhlili dostluq münasibətlərindən daha çox razı qalan şəxslərin özlərini həm psixoloji, həm də fiziki baxımdan daha sağlam hiss etdiyini ortaya qoyub.
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Crossmedia.az-a bildirib ki, insan sosial varlıqdır və onun psixoloji rifahı yalnız fərdi xüsusiyyətlərindən deyil, ətrafındakı insanlarla qurduğu münasibətlərin keyfiyyətindən də asılıdır.
Onun sözlərinə görə, dostluq münasibətlərində insan özünü qəbul edilmiş, anlaşılmış və emosional baxımdan təhlükəsiz hiss edir: “İnsan sosial varlıqdır və onun psixoloji rifahı yalnız fərdi xüsusiyyətlərindən deyil, ətrafındakı insanlarla qurduğu münasibətlərin keyfiyyətindən də asılıdır. Dostluq münasibətlərində insan özünü qəbul edilmiş, anlaşılmış və emosional baxımdan təhlükəsiz hiss edir. Məhz bu təhlükəsizlik hissi insanın dostlarının yanında daha rahat və xoşbəxt olmasının əsas səbəblərindən biridir. Gündəlik həyatda insan müxtəlif sosial rolları yerinə yetirir. İş mühitində peşəkar görünməyə, ailədə müəyyən məsuliyyətləri daşımağa, cəmiyyətdə isə qəbul olunmuş davranış qaydalarına uyğunlaşmağa çalışır. Səmimi dostluq münasibətlərində isə insan özünü daim nəzarətdə saxlamaq və olduğundan fərqli göstərmək ehtiyacı duymur. Hisslərini, narahatlıqlarını, uğursuzluqlarını və qorxularını mühakimə olunmadan ifadə edə bildikdə onun üzərindəki emosional gərginlik azalır. Dostlarla ünsiyyət zamanı insanın dinlənilməsi və başa düşülməsi də mühüm psixoloji təsirə malikdir. Bəzən insanın qarşılaşdığı problemin dərhal həll olunması mümkün olmur. Lakin həmin çətinliyi etibar etdiyi biri ilə bölüşməsi onun emosional yükünü yüngülləşdirir. İnsan problemin içində tək qalmadığını hiss edir və vəziyyətə daha sakit yanaşmağa başlayır. Sosial dəstək insanın çətinliklərin öhdəsindən gəlmək gücünü artırır. Səmimi ünsiyyət, birlikdə vaxt keçirmək, söhbət etmək və gülmək orqanizmin stressə verdiyi reaksiyanın zəifləməsinə kömək edir. İnsan özünü təhlükəsiz və rahat hiss etdikdə daxili gərginlik azalır, əhvali-ruhiyyə yaxşılaşır və gündəlik qayğılardan müəyyən qədər uzaqlaşmaq mümkün olur. Dostlarla keçirilən zaman yalnız əyləncə deyil, eyni zamanda insanın emosional ehtiyatlarını bərpa edən bir psixoloji resursdur”.

E.Rüstəmov qeyd edib ki, keyfiyyətli dostluq münasibətləri insanın özünə münasibətinə də müsbət təsir göstərir: “Sevilmək, qəbul edilmək və kiminsə həyatında əhəmiyyətli yer tutmaq insanda dəyərli olmaq hissini gücləndirir. Bu hiss özünəinamın formalaşmasına, sosial fəallığın artmasına və həyata daha nikbin yanaşmağa kömək edir. Sağlam münasibətlər insanın mənsubiyyət hissini təmin edir və onun cəmiyyətlə emosional bağlarını möhkəmləndirir. Uzun müddət sosial təcrid vəziyyətində qalmaq, özünü tənha hiss etmək və etibarlı münasibətlərin olmaması isə psixoloji sağlamlıq üçün risk yarada bilər. Belə hallarda stress, narahatlıq, ümidsizlik, yuxu problemləri və depressiv əlamətlər güclənə bilər. Tənhalıq yalnız insanın ətrafında heç kimin olmaması demək deyil. İnsan çoxsaylı sosial əlaqələrə malik olduğu halda da özünü anlaşılmamış və tənha hiss edə bilər. Buna görə münasibətlərin sayı deyil, onların səmimiliyi, etibarlılığı və emosional keyfiyyəti daha böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, hər dostluq münasibəti insanın psixoloji sağlamlığına müsbət təsir göstərmir. Davamlı tənqid, manipulyasiya, etimadsızlıq və şəxsi sərhədlərin pozulması üzərində qurulan münasibətlər əlavə emosional gərginlik yarada bilər. Sağlam dostluqda qarşılıqlı hörmət, etibar, empatiya, səmimiyyət və sərhədlərin qorunması vacibdir. İnsan dostunun yanında özünü sərbəst hiss etməli, lakin bu sərbəstlik qarşı tərəfin hiss və ehtiyaclarına laqeydliklə müşayiət olunmamalıdır. Sağlam sosial münasibətlər düzgün qidalanma, fiziki aktivlik və tibbi nəzarət kimi insan sağlamlığının vacib dayaqlarından biridir. Dostluq bütün problemləri aradan qaldırmır, lakin insanın həmin problemlərlə mübarizə aparmaq gücünü artırır. Etibar etdiyimiz insanlarla qurduğumuz səmimi münasibətlər həm psixoloji dayanıqlığımızı möhkəmləndirir, həm də həyat keyfiyyətimizi yüksəldir”.
Zərnigar Hüseynli
18:30 17.08.2026
Oxunuş sayı: 45