Ekspertlərin xarici mediaya açıqlama verməsi qadağan edildi
İranda media və sosial şəbəkələr üzərində nəzarətin daha da gücləndirilməsi ilə bağlı yeni məhdudiyyətlər gündəmə gəlib. Ölkə vətəndaşlarının ABŞ və İsrailə aid media resurslarına açıqlama və müsahibə verməsinin qadağan edilməsi informasiya azadlığı ilə bağlı yeni müzakirələrə səbəb olub. Qadağanın İran daxilində baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslərin xarici mediada işıqlandırılmasına ciddi təsir göstərə biləcəyi bildirilir.
Media eksperti, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camal Crossmedia.az-a açıqlamasında bildirib ki, İranda həm media, həm də sosial şəbəkələr üzərində total nəzarət mexanizmi mövcuddur:
“Hazırda tətbiq edilməyə başlayan yeni qadağa İran vətəndaşlarına ABŞ və İsrailə aid media resurslarına hər hansı açıqlama və ya müsahibə verməyi qadağan edir və belə hallara qarşı ciddi cəza tədbirləri nəzərdə tutur.

Burada bir sıra məqsədlər var. Əsas məqsədlərdən biri ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətlə bağlı məlumatların dünya ictimaiyyətinə və xarici mediaya çatdırılmasının qarşısını almaqdır.
Məlum olduğu kimi, İran illərdir embarqo və sanksiyalar altındadır. Son dövrlərdə davam edən müharibələr səbəbindən bu sanksiyalar daha da intensivləşib. Eyni zamanda, son müharibə və davam edən müharibə ab-havası ölkənin sosial həyatına ciddi təsir göstərib. Qiymətlər artmaqda davam edir, insanların iş yerlərini itirməsi və iqtisadi fəallığın azalması prosesi müşahidə olunur".
Ekspert əlavə edib ki, belə bir şəraitdə insanlar vəziyyətə qarşı etirazlarını lokal aksiyalar vasitəsilə bildirir, eyni zamanda fürsət yarandıqda xarici mediaya ölkədəki vəziyyətlə bağlı açıqlamalar verirlər: "Hesab edirəm ki, İranda xarici mediaya açıqlama və ya müsahibələrin verilməsinə qoyulan yeni məhdudiyyətin əsas məqsədlərindən biri insanların həyatını çətinləşdirən sosial-iqtisadi vəziyyətin dünyaya çatdırılmasının qarşısını almaqdır.
Digər tərəfdən, ölkə hələ də müharibə atmosferində yaşayır. ABŞ-la sülh əldə olunmayıb və müharibə ehtimalı hər gün, hər saat mövcuddur. Bu baxımdan İran informasiya təhlükəsizliyi məsələsində də ölkə vətəndaşlarının özünə senzura tətbiq etməsinə çalışır”.
Zeynəb Həsən
14:30 17.08.2026
Oxunuş sayı: 47