Hakan Fidandan İsrailə xəbərdarlıq: Daha sərt tədbirlər qaçılmaz ola bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı sərt açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Fidan Misirin xarici işlər naziri Bədr Əbdülati ilə keçirdiyi mətbuat konfransında bildirib ki, İsrailin Qəzza ilə bağlı addım atmaması Türkiyə və digər vasitəçiləri birgə daha ciddi tədbirlər görməyə məcbur edə bilər.
Türkiyə xarici işlər naziri qeyd edib ki, Fələstin tərəfi sülh sazişinin ikinci mərhələsinə keçid üçün tələb olunan öhdəlikləri yerinə yetirib.
Fidanın sözlərinə görə, ABŞ İsrailə lazımi təzyiq göstərməlidir. Əks halda Türkiyə, Qətər və Misir bu məsələ ilə bağlı daha sərt addımlar atmaq məcburiyyətində qala bilər.
O, İsrailin məqsədinin Qəzzadan fələstinliləri çıxarmaq olduğunu iddia edib və bunun qəbuledilməz olduğunu bildirib.
Fidan, həmçinin Türkiyə və Misirin Qəzza məsələsində daha ciddi tədbirlər görmək barədə razılığa gəldiyini açıqlayıb.
Fidan bölgədə Türkiyəyə qarşı digər ittifaqların da yarandığını qeyd edib. O, İsrail, Yunanıstan və Cənubi Kipr administrasiyasının Aralıq dənizində müdafiə əməkdaşlığı yaratdığını bildirib.
23:59 13.08.2026
Oxunuş sayı: 44