Priuslar çoxdandı qəza törətmir - səbəb bu imiş
Taksi sürücüləri üçün keçirilən imtahanların növbəti mərhələsi ilə bağlı qeydiyyat başlayıb. Bu imtahanlar sadəcə sürücülərin biliklərinin yoxlanılması deyil, həm də taksi xidmətində təhlükəsizlik, davranış və peşəkarlıq standartlarının təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bəs taksi sürücülərinin imtahandan keçirilməsinə əsas səbəb nədir? Bu imtahanlar xidmət keyfiyyətinin yüksəldilməsi və sürücülərin davranışlarının tənzimlənməsi baxımından gözlənilən nəticəni verirmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu Crossmedia.az-a açıqlamasında qeyd edib ki, bu son bir-iki il ərzində dəfələrlə keçirilib: “Yəni hər yeni, vakansiya olanda bu imtahanlar keçirilir. Bunun əhəmiyyəti birinci növbədə ondadır ki, namizədlər arasından seçim aparılsın. Yəni onlar imtahandan keçməlidirlər. Keçməyənlərin ən azından minimal biliklərinin olmadığı ortaya çıxır. Orada davranış qaydaları və müəyyən tələblər var. Biz həmişə deyirik ki, bu taksi sürücüləri nə üçün yoxlanmır, bu nədir belə? “Belə kim istəyir, bir dənə şey alır, gedir”. Yəni bunun belə olmaması üçün onların ən azı minimal davranış qaydalarını, üzərlərinə düşən öhdəlikləri bilmələri lazımdır”.

Ekspert qeyd edib ki, əsas məsələ budur, ona görə keçirilir və əslində biz artıq bunun nəticələrini hiss etməyə başlamışıq: “Yəni artıq əvvəlki kimi o “Prius”lar harada gəldi, necə gəldi maşını vurmaları, müştərilərdən şikayətlər çox olmur. İndi də olur, amma təbii ki, əvvəlki ilə müqayisədə artıq daha çox bilirlər ki, onları nə gözləyir. Əvvəl ümumiyyətlə onları heç kim tanımırdı və heç aqreqator özü belə onları tanımırdı. Amma bu gün həm AYNA, həm də aqreqator onlarla tez-tez, “face control” edirlər ki, həqiqətən də həmin insan orada oturandır, ya yox. Ona görə, əlbəttə, kifayət qədər əhəmiyyətlidir”.
Ayhan
15:00 13.08.2026
Oxunuş sayı: 53