Putinin yeni silah ortağı: Şimali Koreya raketləri Ukrayna səmasında
Rusiyanın Ukraynaya qarşı hücumlarında Şimali Koreya istehsalı olan KN-23 və KN-24 ballistik raketlərindən istifadə etməyə başladığı iddia olunur.
Crossmedia.az “The Telegraph”-a istinadən xəbər verir ki, Moskva Pxenyanla hərbi əməkdaşlığı genişləndirərək öz arsenalını gücləndirməyə çalışır.
Məlumata görə, Rusiya avqustun 11-də gecə saatlarında Zaporojye şəhərinə endirilən zərbələr zamanı Şimali Koreya raketlərindən istifadə edib.
“The Telegraph” qeyd edir ki, Moskva Ukraynanın uzaqmənzilli hücumları nəticəsində zəifləyən hərbi imkanlarını və iqtisadi resurslarını bərpa etmək üçün Pxenyanla əməkdaşlığı artırır. Şimali Koreya üçün isə bu, XX əsrin ortalarından sonra ən böyük hərbi qarşıdurmada iştirak imkanına çevrilir.
Nəşrin məlumatına görə, Şimali Koreya bundan əvvəl də Rusiyaya hərbi yardım göstərib. Yeni mərhələdə Pxenyanın hərbi personal göndərdiyi və ən azı bir raket bölməsinin Rusiyanın Voronej vilayətinə yerləşdirildiyi iddia olunur. Həmin bölmənin 6 buraxılış qurğusu və 120 raketlə təchiz oluna biləcəyi bildirilir.
Ekspertlərin fikrincə, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşməsi iki ölkənin maraqlarının getdikcə daha çox üst-üstə düşdüyünü göstərir.
Moskva üçün Pxenyandan gələn canlı qüvvə və sursat təminatı müharibənin beşinci ilində ordunun yükünü azaltmağa kömək edə bilər. Nəşr yazır ki, 50 minə qədər Şimali Koreya hərbçisinin cəlb edilməsi Rusiyaya yeni səfərbərlikdən yayınaraq Ukraynaya təzyiqi davam etdirməyə imkan verə bilər.
Şimali Koreya isə bu əməkdaşlıqdan müasir müharibə təcrübəsi qazanmaq, həmçinin Rusiya texnologiyalarına çıxış əldə etmək istəyir. Pxenyanın xüsusilə hava hücumundan müdafiə sistemləri, zenit raketləri və elektron mübarizə vasitələrini inkişaf etdirmək üçün bu təcrübədən istifadə edə biləcəyi qeyd olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl xəbərdarlıq edib ki, Şimali Koreyanın Ukrayna müharibəsindən əldə etdiyi təcrübə gələcəkdə Cənubi Koreya, Yaponiya və Filippin kimi ölkələrə qarşı istifadə oluna bilər.
Məlumata görə, Şimali Koreya Rusiyaya artıq 40 ədəd KN-23 və KN-24 ballistik raketi verib. Ekspertlər hesab edir ki, bu tədarüklər davam edərsə, Moskva Ukrayna şəhərlərinə daha uzun müddət genişmiqyaslı raket zərbələri endirmək imkanına sahib ola bilər.
Bununla belə, Şimali Koreya raketlərinin dəqiqliyi ilə bağlı suallar qalır. Mütəxəssislərin fikrincə, bu raketlər bəzən hədəfdən yüzlərlə metr, hətta daha çox məsafəyə yayınır. Lakin Rusiyanın bu silahlardan istifadə etməsi Pxenyana raketlərini real döyüş şəraitində sınaqdan keçirmək və təkmilləşdirmək imkanı yaradır.
23:45 12.08.2026
Oxunuş sayı: 44