Özgür Özəl həbs oluna bilər: Türkiyədə 2028-ci il seçkilərinin “yox xəritəsi” hazırlanır
Türkiyədə deputat toxunulmazlığı ilə bağlı növbəti hüquqi prosesə start verilib. Ankara Respublika Baş Prokurorluğunun Cümhuriyyət Xalq Partiyasının (CXP) keçmiş sədri, hazırda Yeni Partiyaya rəhbərlik edən deputat Özgür Özəlin toxunulmazlığının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməsi siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Mövcud qanunvericiliyə əsasən, deputat toxunulmazlığının ləğvi ilə bağlı yekun qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən veriləcək.

Jurnalist İmdad Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyədə son aylarda baş verən siyasi proseslər ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, bu mərhələnin əsasını İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi qoyub və sonrakı hadisələr də 2028-ci il prezident seçkiləri kontekstində inkişaf edir:
"Əkrəm İmamoğlunun həbsindən sonra Cümhuriyyət Xalq Partiyasının böhran yaşayacağı gözlənilsə də, Özgür Özəlin liderliyi ilə partiya bu mərhələni idarə edə bildi. Sonrakı dövrdə CHP-nin rəhbərlik etdiyi bələdiyyələrdə araşdırmalar aparıldı, bir sıra bələdiyyə rəhbərləri saxlanıldı, bəziləri isə Ədalət və İnkişaf Partiyasına keçdi".
Onun fikrincə, partiya daxilində rəhbərlik ətrafında yaşanan dəyişikliklər də siyasi mübarizənin tərkib hissəsidir:
"Məhkəmə qərarı ilə Kamal Kılıçdaroğlunun yenidən sədrliyə qaytarılması və Özgür Özəlin vəzifədən uzaqlaşdırılması gözlənilən nəticəni vermədi. Özgür Özəl keçirdiyi aksiyalarla tərəfdarlarını ətrafında saxlaya bildi və prosesləri nəzarətdə saxladı".
Jurnalist vurğulayıb ki, hazırda əsas müzakirə mövzularından biri Özgür Özəlin deputat toxunulmazlığının ləğvi və həbs olunması ehtimalıdır:
"Mən hesab edirəm ki, Türkiyədə baş verən bütün bu proseslər Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və nəzarəti çərçivəsində inkişaf edir. Bütün hadisələr 2028-ci il prezident seçkiləri ilə birbaşa bağlıdır. Maraqlıdır ki, atılan addımlar əks effekt verir və həm Özgür Özəlin, həm də Əkrəm İmamoğlunun ictimai dəstəyi daha da artır".
Həmsöhbətimizin sözlərinə görə, Özgür Özəlin həbsi real ehtimal kimi qiymətləndirilə bilər:
"Özgür Özəlin həbs olunması mümkündür. Çünki o, son proseslərdə liderlik keyfiyyətlərini nümayiş etdirdi, partiya üzvlərinin və tərəfdarlarının panikaya düşməsinə, parçalanmasına imkan vermədi. Hazırda məqsəd onun fiziki olaraq siyasətdən uzaqlaşdırılması təsiri bağışlayır".
İ.Əlizadə əlavə edib ki, belə bir ssenaridə CHP-nin gələcək taleyində Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın mövqeyi həlledici rol oynaya bilər:
"Əgər Özgür Özəl də siyasətdən uzaqlaşdırılarsa, proseslərin sonrakı istiqamətini əsasən Mənsur Yavaşın mövqeyi müəyyən edəcək. Bu hadisələr Türkiyə siyasətində daha ciddi qarşıdurmalara səbəb ola bilər".
Nigar Xəlilli
11:00 07.08.2026
Oxunuş sayı: 67