Nepalda təbii fəlakətlər 21 nəfərin həyatına son qoyub
Nepalda musson yağışlarının səbəb olduğu daşqınlar, torpaq sürüşmələri və ildırımlar nəticəsində 21 nəfər ölüb, 5 nəfər itkin düşüb.
Crossmedia.az xəbər verir ki, "Newspolar" bu barədə məlumat yayıb.
Nepalın Baş naziri Balendra Şahın sözlərinə görə, daha 5 nəfər xəsarət alıb və onların müalicəsi dövlət hesabına həyata keçirilir.
Ölüm halları Myagdi, Dolpa, Dhanusha, Palpa, Baglung, Lamjung, Qərbi Rukum, Kavre, Dhading, Makvanpur və Surkhet rayonlarında qeydə alınıb. Daha əvvəl 19 nəfərin öldüyü, 10 nəfərin isə itkin düşdüyü bildirilmişdi.
Təbii fəlakətdən ümumilikdə 747 ailə birbaşa zərər çəkib. Təxminən 2 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Xilasedicilər, o cümlədən helikopterlərdən istifadə etməklə əhalinin təxliyəsini həyata keçirib.
Fəlakət nəticəsində 143 ev tamamilə dağılıb, 51 evə isə qismən ziyan dəyib.
Nepal ordusu son 24 saat ərzində torpaq sürüşmələri, daşqın və su basmalarından zərər çəkmiş ərazilərdən 684 nəfəri xilas edib. Onların arasında Myagdi rayonunun Paudara ərazisindən helikopterlə təxliyə edilən 78 nəfər də var.
Təbii fəlakət kəndlərlə yanaşı, şəhərlərə də ziyan vurub. Yollar, körpülər, hidroelektrik stansiyalar və su təchizatı sistemləri zərər görüb.
Balendra Şah vətəndaşları ayıq-sayıq və ehtiyatlı olmağa çağırıb. Baş nazir zəruri hallar istisna olmaqla səfərlərdən çəkinməyi tövsiyə edib.
Dörd gün ərzində Nepalın 186 meteoroloji stansiyasında 100 millimetrdən çox yağıntı qeydə alınıb. Ən yüksək göstərici Navalpırasidəki Deugaun məntəqəsində qeydə alınıb – 544,2 millimetr. Pançasedə 500,2 millimetr, Atraulitarada isə 472 millimetr yağıntı düşüb.
Qeyd edək ki, daha əvvəl Nepalda alpinistlərin düşərgəsinə qar uçqunu düşüb.
22:04 27.09.2026
Oxunuş sayı: 46