Milli QHT Forumundan Anım Günü ilə bağlı bəyanat: “Şəhidlərimizin döyüş yolu ilə fəxr edirik”
Azərbaycan Milli QHT Forumu 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Crossmedia.az xəbər verir ki, bəyanatda Forumun sıralarında birləşən yüzlərlə QHT adından Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dərin hörmətlə anıldığı, onların döyüş yolu ilə fəxr edildiyi bildirilib.
Sənəddə qeyd olunub ki, 30 ilə yaxın davam edən Ermənistan işğalı Azərbaycan xalqı üçün ağır humanitar, sosial, ekoloji və mədəni fəsadlarla nəticələnib. Yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, tarixi-mədəni irsə ziyan vurulub. Forum, həmçinin işğal dövründə Azərbaycanın qədim Alban xristian irsinin erməniləşdirilməsi və mənimsənilməsi cəhdlərinin olduğunu, bir sıra dini abidələrin memarlıq xüsusiyyətlərinə müdaxilə edildiyini bildirib.
Bəyanatda 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı hərbi təxribatından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı qeyd olunub. Vətən müharibəsi dövlət, xalq və ordu birliyinin təntənəsi kimi qiymətləndirilib.
Milli QHT Forumu bildirib ki, Ermənistan hərbi birləşmələrinin illər ərzində işğal etdiyi və təxminən 30 il ərzində hərbi istehkamlar, maneələr və müdafiə xətləri qurduğu Azərbaycan əraziləri 44 gün ərzində azad edilib, ölkənin ərazi bütövlüyü bərpa olunub.
Bəyanatda, həmçinin hərbi müstəvidə əldə olunan nəticələrin siyasi müstəvidə davam etdirilməsi nəticəsində Vətən müharibəsindən sonrakı 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verildiyi vurğulanıb.
Forum Vətən müharibəsinin dünya hərb elmində “XXI əsrin müharibəsi” kimi xarakterizə edildiyini qeyd edərək, Azərbaycan Ordusunun mürəkkəb relyef şəraitində döyüş qabiliyyəti və fədakarlıq nümayiş etdirdiyini bildirib.
Sənəddə Vətən müharibəsindən ötən altı il ərzində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparıldığı, minatəmizləmə prosesinin davam etdirildiyi və əhalinin doğma yurdlarına qayıdışının başladığı da qeyd olunub.
“Biz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarını sonsuz minnətdarlıq və qürurla anırıq. Onların işıqlı xatirəsini daim yaşadacaq və nümunə göstərəcəyik”, – bəyanatda bildirilib.
21:15 27.09.2026
Oxunuş sayı: 51