İran ABŞ-lə münaqişənin həlli üçün danışıqlara çağırıb
İran xarici işlər naziri Abbas Araqçi ABŞ və İran arasında münaqişənin yalnız danışıqlar yolu ilə əldə olunacaq razılaşma nəticəsində başa çata biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Araqçi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması ilə bağlı İranın təklifini rədd etməsindən sonra Tehranın Vaşinqtondan rəsmi və yekun cavab gözlədiyini deyib.
İran tərəfi boğazın açılması üçün irəli sürdüyü şərtlərin iyunda ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunda yer aldığını bildirir. Təklifə əsasən, ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldırmalı, İran neftinə qarşı sanksiyaları ləğv etməli və Livanı da əhatə edən atəşkəsə əməl etməlidir. Bu şərtlərin yerinə yetirilməsi halında Hörmüz boğazının yeddi gün ərzində açılması və nüvə proqramı ilə bağlı danışıqların bərpası nəzərdə tutulur.
Tramp isə İranın təklifini “qəbuledilməz” adlandıraraq rədd etdiyini açıqlayıb. O, İranın boğazı yeddi gün ərzində kommersiya gəmiçiliyi üçün açmaqla bağlı razılaşma əldə etmək istədiyini bildirib.
Araqçi Trampın daha əvvəl də ziddiyyətli açıqlamalar verdiyini qeyd edib və Tehranın ABŞ-nin yekun mövqeyini gözləyəcəyini bildirib. İranın xarici işlər naziri münaqişənin həlli üçün danışıqlar yolu ilə razılaşmanın vacib olduğunu vurğulayıb.
17:44 27.09.2026
Oxunuş sayı: 42