Ərdoğanın yerinə hakimiyyətə o gələcək - münasibətlər necə dəyişəcək?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti prezident seçkilərində namizədliyinin sonuncu dəfə irəli sürüləcəyi ilə bağlı açıqlama ölkənin siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Açıqlama Ərdoğanın siyasi fəaliyyətinin növbəti mərhələsi ilə yanaşı, Türkiyədə mümkün hakimiyyət dəyişikliyi və yeni siyasi dönəmlə bağlı müzakirələri də aktuallaşdırıb. Bununla yanaşı, Ərdoğandan sonra hakimiyyətə gələcək siyasi rəhbərliyin formalaşması, mövcud siyasi kursun davamlılığı və ölkənin daxili siyasi balansında yarana biləcək dəyişikliklər diqqət çəkən əsas məsələlər sırasında yer alır. Belə ki, Ərdoğan dünya siyasətində olduqca önəmli rola malik siyasi fiqurdur. Onun hakimiyyətdən getməsi Türkiyə ilə yanaşı beynəlxalq münasibətlər barədə də suallar yaradır. Ərdoğandan sonra hakimiyyətə gələcək siyasətçinin İsrailə yanaşması necə olacaq? Türkiyənin Yaxın Şərq mövqeyi dəyişəcəkmi?
Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a müsahibə verib.
—Ərdoğandan sonra Türkiyədə prezidentlik üçün hansı siyasi fiqurlar ön plana çıxa bilər?
—Alternativ hər zaman mövcuddur. Yəni Türkiyə kimi böyük dövlət üçün Ərdoğandan başqa alternativ yoxdur fikri kökündən yanlış bir fikirdir. Çünki cəmiyyət hər zaman onu irəliyə aparacaq, yeniləyəcək, liderlik edə biləcək liderləri hər zaman doğurur, yetişdirir. Türkiyədə də hər zaman belə olub. Ancaq söhbət Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişi ilə bağlı konkret AKP-nin müəyyənləşdirdiyi hədəflərdən gedir və bu hədəflərin böyük əksəriyyətinə nail olunub. Bu, Türkiyənin qlobal səviyyədə aldığı yer sıralamasında da açıq şəkildə özünü göstərir. Yəni Türkiyə artıq ələ baxan, barmaq işarəsi ilə oturub-duran bir Türkiyədən güclü, sadəcə oyunları pozan deyil, oyunları quran bir dövlətə, özü də regional deyil, qlobal səviyyədə oyunları quran sülhpərvər bir dövlətə çevrilib. O baxımdan düşünürəm ki, Ərdoğanın növbəti dəfə hakimiyyətə iddiası cəmiyyətdə normal qarşılana bilər. Doğrudur, uzunmüddətli hakimiyyət və bir insanın hakimiyyət başında olması cəmiyyət üçün bəzən yorucu olur. Ancaq nəzərə alsaq ki, hədəfləri olan, şəxsiyyəti və duruşu ilə Türkiyəni dünya çapında ön sıralara çıxaran bir liderdən söhbət gedirsə, bu, Türkiyənin milli mənafeyi baxımından qəbul olunan şərtdir. O baxımdan hələlik Rəcəb Tayyib Ərdoğanın özünün namizədliyindən söhbət gedir, ancaq onu əvəzləyəcək şəxslərdən söhbət gedəcəksə, əlbəttə, onu əvəzləyəcək şəxs dayanıqlı, siyasi duruşlu, cəmiyyətdə qəbul olunan və dünya çapında ciddi qəbul olunacaq şəxs olmalıdır ki, belə şəxslər mövcuddur və bunların başında bu gün dayanıqlı siyasətçilərdən və təhlükəsizlik sahəsinin yetirmələrindən biri Xarici İşlər naziri Hakan Fidan dayanır. Ancaq perspektivdə nə olacaq, bəri başdan bu yöndə proqnozlar söyləmək – bu, mürəccimlik olardı.
—Yeni prezidentin seçilməsi Türkiyənin daxili siyasi balansına necə təsir edə bilər?
—Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq, indiki vəziyyətdə Türkiyənin milli maraqlarından uzaqlaşması, dövlət əleyhinə siyasət yürütməsi uzunmüddətli perspektivdə mümkün deyil. O baxımdan, əlbəttə ki, yeni bir prezident olacaqsa, bu, həm ölkə daxilində, həm xarici siyasətdə yeniliklərlə müşayiət olunacaq. Ancaq hələlik görünən mənzərə ondan ibarətdir ki, 2028-ci ildə Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizəd kimi AKP tərəfindən irəli sürüləcək. Artıq bu yöndə təbliğat və kampaniya başladılıb və bu proses hüquqi cəhətdən cəmiyyətə, siyasətçilərə, bütün zümrələrə əsaslandırılaraq açıqlanır.
—Yeni hakimiyyət Ərdoğanın daxili siyasət kursunu davam etdirəcək, yoxsa dəyişikliklərə gedəcək?
—Ərdoğanın namizədliyindən söhbət gedirsə, bu gün hansısa ciddi alternativdən danışmaq mümkün deyil. Niyə? Çünki hələlik namizədlərin kim olacağı bəlli deyil. Çünki Ərdoğanın varlığı olduqca AKP-dən ikinci bir namizədin olması mümkün deyil. Müxalif partiyalardan kimlərin ortaya çıxması məsələsi var ki, əlbəttə, bu namizədlərin siyasəti tamamilə Ərdoğan siyasətindən fərqli bir siyasətdir. Ancaq konkret düşünürəm ki, mövcud müxalif siyasi liderlər arasında Türkiyə üçün ən məqbul variant AKP-nin namizədinin olmasıdır. Əlbəttə ki, bu kontekstdə hələlik 2028-ci ildə Rəcəb Tayyib Ərdoğanın namizədliyi görünür. Ona görə də olmayan bir şeyin siyasətindən, yəni müxalif hər hansı bir liderin namizədliyi fonunda və yaxud qalib gəldiyi fonunda hansısa daxili və xarici siyasətdən danışmaq yersiz olardı. Çünki hələlik namizədlər bəlli deyil.
—Türkiyənin İsraillə münasibətlərində yeni dövrdə hansı dəyişikliklər baş verə bilər?
—Türkiyə-İsrail münasibətləri hələlik qaldığı yerdən davam edəcək. Çünki İsraildə Netanyahu zehniyyəti hakimiyyətdə qaldığı zaman bu münasibətlər sistemi problemli olacaq. Çünki Netanyahu zehniyyəti Fələstinə heç bir haqq tanımaq istəmir. Nəinki haqq tanımaq, fələstinliləri daha da sıxışdırıb həm Qəzzadan, həm də Qərbi İordaniya çayının qərb hissəsindən tamamilə sıxışdırıb yeni yəhudi məskənləri salmaqla yəhudilərin ərazilərini bir az da məhdudlaşdırmaq, kiçiltmək istəyir. Ona görə də Fələstin məsələsini nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğan üçün prinsipial və dini məsələdir və bu kontekstdə Ərdoğanın hər hansı bir ciddi, fundamental güzəştə gedəcəyini gözləmək də doğru olmaz. Ona görə də İsraildəki seçkilərdən sonra, əlbəttə ki, hökumət başına gələcək siyasi qüvvələrin siyasətindən və təbii ki, bir də Türkiyədə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin davamiyyətindən çox şey asılı olacaq. Yəni əgər aqressiv siyasətini İsrail dayandırmasa, Türkiyə-İsrail münasibətlərindən, yəni müsbət yöndə münasibətlərindən danışmaq mümkün olmayacaq. Ona görə də, əlbəttə ki, yeni hakimiyyətlərin kimliyindən və, əlbəttə ki, daxili, xarici və daxili siyasətindən çox şey asılı olacaq.

—Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi yeni hakimiyyət dövründə hansı istiqamətdə inkişaf edə bilər?
— Bu gün Daxili İşlər naziri də açıq şəkildə Adanada Ərdoğanın namizədliyinin veriləcəyini və bunun hüquqi cəhətdən əsaslandırılmasından danışdı. Ona görə də Ərdoğan hakimiyyətdən getməmiş hansı yeni hakimiyyətdən danışmaq mümkündür? Ona görə bu sualın cavabı yoxdur. Bunlar fərziyyədir, biz isə fərziyyə ilə məşğul olmuruq, real siyasətlə məşğuluq.
—Ərdoğanın siyasətdən getməsi Türkiyənin regional və beynəlxalq mövqeyində hansı dəyişikliklərə səbəb ola bilər?
—Ərdoğanın hakimiyyətdən getməsi fonunda kimin hakimiyyətdə qalması, kimin hakimiyyətə gəlməsi fonunda reallıqlar bəlli olandan sonra danışmaq mümkündür. Məsələn, konkret namizəd, partiya sədri, onun mövqeyi bilinəndən sonra onun xarici və daxili siyasətindən, ölkələrlə münasibətindən danışmaq mümkün olacaq. Ancaq belə reallıq hələ yoxdur. Kimsə namizədliyini irəli sürməyib. Nə Cümhuriyyət Xalq Partiyası, nə Cümhuriyyət Xalq Partiyasını parçalayıb partiyadan çıxan yeni partiya yaradan qüvvələr, eyni zamanda parlamentdə təmsil olunan digər müxalif qüvvələr… Yəni heç kimin namizədliyi bəlli deyil, hansı yeni hakimiyyətdən danışılır? O ki qaldı, əgər yeni hakimiyyəti təmsil edəcək nümayəndə Ərdoğan olmasa, AKP-nin içindən olsa, əlbəttə ki, bu siyasətin davamını biz görəcəyik. Çünki 100 illik bir siyasət var və bu 100 illikdə Türkiyəni öncül etmək bir siyasəti var. Və bu kontekstdə, əlbəttə, Türkiyənin yeri də tədricən Avropaya inteqrasiyadan daha çox Türk Dünyası Birliyinə, Türk Dünyası Təşkilatlarına yönəlik olacaq. Çünki doğrunun, həqiqətin, gücün də burada olduğunu axırda Türkiyədə anladılar. Yəni Hakan Fidan əgər iyul ayında hələ də Türkiyənin xarici siyasətində prioritetlərdən biri “Avropa Birliyinə üzvlükdür” fikri yaxın zamanlarda Prezident Ərdoğan tərəfindən tamamilə fərqli müstəvidə təqdim olundu. O, açıq şəkildə bildirdi ki, artıq Avropa Birliyinə üzvlük məsələsi Türkiyənin prioriteti deyil.
Nuray Mehtiyeva
18:30 18.09.2026
Oxunuş sayı: 61