Cənubi Çin dənizində gərginlik: bu dövlətlərin gəmiləri toqquşdu
Cənubi Çin dənizində Çin və Filippin arasında növbəti insident baş verib. Çin Sahil Mühafizəsinə məxsus gəmi yerli balıqçılara yanacaq dolduran Filippinin Balıqçılıq və Su Resursları Bürosunun qayığı ilə toqquşub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Toqquşma nəticəsində Filippin gəmisinə ciddi struktur zədəsi dəyib. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib.
İnsident mübahisəli Cənubi Çin dənizində iki ölkə arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.
Çin tərəfi hadisə ilə bağlı Filippin gəmisinin sahil mühafizə qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadığını və hərəkət istiqamətini dəyişdiyini iddia edib. Pekinin mövqeyinə görə, toqquşmaya məhz Filippin gəmisinin manevri səbəb olub.
Filippin tərəfi isə hadisə zamanı yerli balıqçılara yanacaq təmin edən dövlət gəmisinin zədələndiyini açıqlayıb.
Cənubi Çin dənizi Çin, Filippin və regionun digər ölkələri arasında ərazi və dəniz sərhədləri ilə bağlı uzun müddətdir davam edən mübahisələrin əsas mərkəzlərindən biridir. Bu ərazidə tərəflərin hərbi və sahil mühafizə qüvvələrinin iştirakı ilə baş verən insidentlər regionda təhlükəsizliklə bağlı narahatlıqları artırır.
Son toqquşma da Cənubi Çin dənizində tərəflər arasında qarşılıqlı ittihamların fonunda baş verib və regionda gərginliyin növbəti dəfə gündəmə gəlməsinə səbəb olub.
17:43 18.09.2026
Oxunuş sayı: 43