Sürücülərin diqqətinə - 100 manat 4 bal cərimə oluna bilərsiniz
Avtomobilin dövlət qeydiyyat nişanının lent, plyonka və ya digər vasitə ilə görünüşünün məhdudlaşdırılması sürücünün inzibati məsuliyyətə cəlb olunmasına səbəb ola bilər. Qanunvericilikdə dövlət qeydiyyat nişanının oxunaqlılığına və müəyyən edilmiş tələblərə uyğunluğuna xüsusi diqqət yetirilir. DİN-in məlumatlarında da dövlət qeydiyyat nişanları ilə bağlı qayda pozuntularına görə sürücülərin inzibati məsuliyyətə cəlb edildiyi qeyd olunur.
Bu baxımdan nömrənin qəsdən lentlə bağlanması, üzərinə görünüşü məhdudlaşdıran vasitə çəkilməsi və ya texniki vasitələrlə oxunmasının çətinləşdirilməsi hansı maddə ilə qiymətləndirilir, sürücünü hansı cərimə və bal gözləyir və belə hallarda məsuliyyətin tətbiqi necə həyata keçirilir?
Crossmedia.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov avtomobildə yol hərəkəti qaydalarının pozulması ilə bağlı sürücülər üçün nəzərdə tutulan məsuliyyətdən danışıb.
“Vətəndaş əgər qeyd etdiyiniz pozuntunu törədirsə və bu, Dövlət Yol Polisi tərəfindən aşkarlanırsa və yaxud xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanırsa, bu zaman sürücünün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən protokol tərtib olunur. Vətəndaş 100 manat məbləğində cərimə olunur və barəsində 4 balla inzibati cərimə balı tətbiq olunur”, - deyə hüquqşünas bildirib.
Nigar Xəlilli
17:43 18.09.2026
Oxunuş sayı: 51