Türk dövlətlərinin vahid bankı yaradılır: iqtisadi əlaqələrdə yeni mərhələ
Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi son illərdə əsas gündəm mövzularından birinə çevrilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər türk dövlətləri arasında qarşılıqlı ticarətin, investisiyaların və nəqliyyat əlaqələrinin inkişafı ortaq iqtisadi mexanizmlərin yaradılması məsələsini də aktuallaşdırır. Bu istiqamətdə vahid maliyyə institutunun yaradılması ideyası Türk dövlətlərinin iqtisadi əməkdaşlığında yeni mərhələnin başlanması kimi qiymətləndirilir. Belə bir qurumun əsas məqsədlərindən biri üzv ölkələr arasında investisiya layihələrinin maliyyələşdirilməsi, sahibkarlıq və ticarət imkanlarının genişləndirilməsi, eləcə də maliyyə əlaqələrinin daha sistemli şəkildə qurulması ola bilər. Hazırda Türk dövlətlərinin hər birinin öz milli valyutası mövcuddur və qarşılıqlı ticarətdə müxtəlif ödəniş mexanizmlərindən istifadə edilir. Vahid maliyyə qurumunun yaradılması isə gələcəkdə bu sahədə daha sıx koordinasiya imkanları yarada bilər. Bununla yanaşı, belə bir bankın digər beynəlxalq maliyyə institutlarından asılılığın müəyyən qədər şaxələndirilməsinə və Türk dövlətləri daxilində yeni maliyyə imkanlarının formalaşmasına təsir göstərə biləcəyi bildirilir. Bəs vahid inkişaf bankının yaradılması Türk dövlətlərinin iqtisadi münasibətlərinə və gələcəkdə ortaq maliyyə mexanizmlərinin formalaşmasına necə təsir edə bilər?
Mövzu ilə bağlı iqtisadçı Pərviz Heydərov Crossmedia.az-a açıqlamasında bildirib:
“Belə bir bankın yaradılması Türk dövlətlərinin hər birinin iqtisadiyyatı üçün, xüsusən də onların qarşılıqlı ticarət, iqtisadi və investisiya əlaqələri üçün çox böyük fayda verəcək. Əslində, belə bir vahid bankın yaradılmasına xüsusi bir ehtiyac var idi. Bu, həmin ölkələr arasında iqtisadi əlaqələrin inkişafı və sürətli şəkildə yenilənməsi üçün vacib xarakter daşıyır. Yəni indiyədək belə bir bankın olmasına çox böyük ehtiyac var idi. Bu, eyni zamanda gələcəkdə Türk dövlətləri arasında ticarət əlaqələrində istifadə olunan valyuta məsələsində konkret bir yekdilliyə gəlmək və (yaxın perspektivdə olmasa da) gələcəkdə vahid bir pul vahidinin — yəni pul şəklinin — əldə edilməsinə gedən yolun başlanğıcını təşkil edəcək. Bu ölkələrin hər birinin öz milli valyutası var. Lakin onların arasında həyata keçirilən qarşılıqlı iqtisadi-ticarət əlaqələrində sərbəst dönərli valyutalardan istifadə olunur. Gələcəkdə belə bir bankın yaradılması — uzaq perspektivdə də olsa — Türk Dövlətləri Təşkilatının özünün vahid valyutasının meydana gəlməsi üçün böyük perspektivlər açır”.
İqtisadçı qeyd edib ki, belə bir bankın yaradılması Türk dövlətlərinin başqa xarici maliyyə qurumlarına olan çıxış tələbatını şaxələndirməyə imkan verəcək: “Bu, ölkələr üçün yeni bir maliyyə təşkilatının yaradılması ilə öz aralarında iqtisadi-ticarət əlaqələrini həyata keçirmək baxımından yeni maliyyə imkanlarının əldə edilməsinə vasitəçilik rolunu oynayacaq. Bu ölkələr ticarət və iqtisadi əlaqələrində, o cümlədən investisiya qoyuluşlarında artıq özlərinin vahid maliyyə qurumlarına müraciət etmək və oradan öz tələbatlarını ödəmək şəraiti əldə etmiş olacaqlar”.
Zeynəb Həsən
20:34 16.09.2026
Oxunuş sayı: 60