5000 manata orijinal, 50 manata saxta çanta: brendi saxtadan necə ayıraq?
Bir çantanın üzərində məşhur brendin loqosunun olması onun həqiqətən həmin brendə aid olduğunu göstərmir. Bu gün saxta bazar əvvəlki kimi yalnız keyfiyyətsiz tikiş, əyri loqo və ucuz materialdan ibarət deyil. Saxta istehsalçılar orijinal məhsulların dizaynını, qablaşdırmasını, etiketlərini, seriya nömrələrini və hətta məhsulun təqdimat formasını belə təqlid edə bilirlər. Avropada 2025-ci ildə aparılan genişmiqyaslı əməliyyat zamanı 1,8 milyondan çox saxta geyim, ayaqqabı və aksesuarın müsadirə edilməsi də bu bazarın nə qədər böyük və peşəkarlaşmış olduğunu göstərir. OLAF bildirir ki, bəzi məhsullar o qədər detallı hazırlanmışdı ki, hətta brendlərin təyin etdiyi ekspertlər üçün onların saxta olduğunu müəyyənləşdirmək çətin olub.
Məsələ yalnız “saxta çantanı necə tanıyaq?” sualından da ibarət deyil. Tutaq ki, alıcı 5000 manatlıq orijinal brend çanta aldığını düşünərək 500 manat ödəyir, lakin sonradan məhsulun saxta olduğu üzə çıxır. Bu halda söhbət sadəcə keyfiyyətsiz alışdan yox, məhsulun alıcıya necə təqdim edilməsindən, satıcının verdiyi məlumatdan və istehlakçının hansı hüquqlara malik olmasından gedir. Üstəlik, sosial şəbəkələrdə və onlayn platformalarda saxta məhsulların yayılması alıcı üçün vəziyyəti daha da mürəkkəbləşdirir. 2026-cı ildə aparılan bir araşdırmada “Louis Vuitton”, “Hermès”, “Dior”, “Cartier” və digər lüks brendləri hədəf alan 150 təşkilatlanmış saxta məhsul şəbəkəsi müəyyən edilib.
Mövzu ilə bağlı hüquqşünas Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsində “saxtalaşdırma” ayrıca müəyyən olunur. Yəni istehlakçı zəmanət müddəti ərzində aldığı brend geyimdə, çantada və ya digər belə məhsulda saxtalaşdırma aşkar edərsə, öz seçiminə əsasən satıcıdan və ya istehsalçıdan bir sıra tələblər irəli sürə bilər.
"Çünki qanun istehlakçıya aldığı məhsulun keyfiyyəti, xüsusiyyətləri və digər mühüm göstəriciləri barədə dolğun və düzgün məlumat almaq hüququ verir. İlk növbədə satıcıya yazılı şəkildə müraciət etmək məqsədəuyğundur. Saxta olduğu təsdiqlənərsə, satıcı belə məhsulu geri götürməli və istehlakçının qanuni tələblərini yerinə yetirməlidir. Məsələn, saxta brend çantanın və ya geyimin orijinal və lazımi keyfiyyətli məhsulla dəyişdirilməsi və ya qiymətin müvafiq şəkildə azaldılması tələb oluna bilər. Xüsusilə satıcı məhsulun konkret brendin orijinal çantası və ya geyimi olduğunu iddia edibsə, bu iddianı təsdiqləyən elan və yazışmalar, məhsulun seriya nömrəsi, etiketləri və loqosu, həmçinin kassa çeki əhəmiyyətli sübutlar sayılır. Satıcı problemi həll etmirsə, istehlakçı hüquqlarının müdafiəsi üzrə səlahiyyətli dövlət orqanına və ya məhkəməyə şikayət etmək, hətta istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsini də tələb etmək mümkündür. Burada bir vacib məqamı da diqqətinizə çatdırmaq istərdim. Saxta brend çanta və geyimlərin satılması və brendin əmtəə nişanından qanunsuz istifadə edilməsi əlavə olaraq əqli mülkiyyət və digər hüquqi məsuliyyət məsələlərini də gündəmə gətirir. Məsələn, lüks brendlər saxtakarlıqla ciddi şəkildə mübarizə aparırlar. Avropa Anti-Fraud Office (OLAF) 2025-ci ildə geyim, ayaqqabı və aksessuarlardan 1,8 milyondan çox saxta məhsulun müsadirə edildiyi böyük əməliyyat barədə məlumat verib. 2026-cı ildə aparılmış başqa araşdırmada isə “Louis Vuitton”, “Hermes”, “Dior”, “Cartier” və digər lüks brendləri hədəf alan 150 təşkilatlanmış saxta məhsul şəbəkəsi müəyyən edilib. Hazırda saxta geyim və çantalar artıq o qədər keyfiyyətli hazırlanır ki, hətta brend mütəxəssislərinin də onları dərhal ayırd etməsi çətinləşib. Daha maraqlısı isə budur ki, brendlər saxta məhsulların bazarda olmasına bəzən göz yumurlar. Saxtaların mövcudluğunun bəzən orijinal brendə dolayı təsir göstərə biləcəyi düşünülür. Məsələn, bəzi tədqiqatlar saxta məhsulların lüks brendin statusunu, arzuolunanlığını və sosial tanınmasını müəyyən hallarda gücləndirdiyini göstərir. Lüks çanta və geyimlərin cəmiyyətdə görünürlüğü və tanınması bu formada təmin edilir. Əks halda hər kəsin bu məhsulları tanıması qeyri-mümkün olardı. Bu formada bəzi istehlakçılarda orijinal məhsula maraq da arta bilər”.
Hüquqşünas əlavə edib ki, bəzən eyni fabrik həm qanuni, həm də saxta istehsalla əlaqəli ola bilir: “Məsələn, lüks brendlərin keçmiş podratçısı, təchizatçısı və ya istehsal zəncirindəki başqa şəxslər orijinal məhsulun texnologiyasını, materiallarını və dizaynını saxta çanta və geyimlərin istehsalı üçün istifadə edirlər. Hətta bu şəxslərin məlumatlarından istifadə etməklə “superfake” məhsullar hazırlanır. WSJ-nin araşdırmasına görə, belə məhsullar bəzən 5.000-10.000 dollar aralığında satılır. Eyni zamanda, real saxta şəbəkələrdə fabriklərin və distribusiya kanallarının ayrıca fəaliyyət göstərdiyi, məhsulların etiket və qablaşdırmalarla birlikdə hazırlanaraq beynəlxalq bazara çıxarıldığı hallar da aşkarlanıb. Göründüyü kimi, saxta brend çanta və geyim bazarı yalnız alıcı ilə satıcı arasındakı münasibətdən ibarət deyil. Burada həm istehlakçının aldığı məhsul barədə düzgün məlumatlandırılması, həm satıcının məsuliyyəti, həm də brendlərin əmtəə nişanlarının hüquqi qorunması məsələləri bir-biri ilə əlaqəlidir. Bəzi hallarda saxta məhsulların mövcudluğu brend üçün dolayı marketinq effekti də yarada bilir”.
Mövzu ilə bağlı marketinq üzrə mütəxəssis Anar Rüstəmli isə açıqlamasında saxta brend geyim və çantaların orijinal məhsullardan fərqləndirilməsi zamanı diqqət edilməli məqamları açıqlayıb:
“Bu gün saxta məhsulu yalnız görünüşünə baxaraq ayırd etmək əvvəlki qədər asan deyil. Saxta istehsalçılar artıq təkcə loqo və qablaşdırmanı deyil, etiketləri, seriya nömrələrini, QR kodları və hətta məhsulun təqdimat formasını belə kifayət qədər peşəkar şəkildə təqlid edə bilirlər. Buna görə istehlakçının yalnız vizual oxşarlığa güvənməsi düzgün deyil. İlk növbədə satış kanalına baxmaq lazımdır. Məhsul rəsmi mağazadan, rəsmi distribütordan və ya brendin təsdiqlədiyi satış nöqtəsindən alınırsa, risk xeyli azalır. Naməlum sosial media səhifələri, qeyri-rəsmi marketplace satıcıları və mənşəyi bəlli olmayan satış nöqtələri isə əlavə diqqət tələb edir. Qiymət də çox ciddi göstəricidir. Əgər bazarda müəyyən qiymətə satılan məhsul sizə iki-üç dəfə ucuz qiymətə “100 faiz orijinal” adı ilə təklif olunursa, bunu fürsət kimi yox, ilk növbədə risk siqnalı kimi qiymətləndirmək lazımdır. Endirim ola bilər, amma bazar məntiqindən kəskin şəkildə kənara çıxan qiymət həmişə sual yaratmalıdır”.
Marketoloq qeyd edib ki, məhsulun seriya nömrəsi, barkodu, QR kodu və digər identifikasiya məlumatları mümkün olduğu qədər brendin rəsmi saytı, tətbiqi və ya müştəri xidməti üzərindən yoxlanmalıdır: “Amma burada da bir nüans var: sadəcə QR kodun işləməsi məhsulun avtomatik olaraq orijinal olduğunu sübut etmir. Çünki real məhsula aid kodun kopyalanaraq saxta məhsulun üzərinə yerləşdirilməsi də mümkündür. Vizual detallara da diqqət etmək lazımdır. Qablaşdırmanın keyfiyyəti, şriftlər, loqonun proporsiyası, rəng tonları, tikişlər, material, məhsulun çəkisi, komplektasiya və istehsal məlumatlarında olan kiçik uyğunsuzluqlar saxta məhsulu göstərə bilər. Ancaq bunlar təkbaşına əsas sübut deyil, sadəcə əlavə siqnallardır. Satıcının davranışı da çox şey deyir. Çek və ya faktura təqdim olunurmu? Zəmanət varmı? Məhsulun mənşəyi barədə məlumat verilirmi? Qaytarma və dəyişdirmə şərtləri varmı? Satıcı bu suallardan yayınırsa və yalnız “narahat olmayın, orijinaldır” deməklə kifayətlənirsə, bu, istehlakçı üçün xəbərdarlıq siqnalıdır. Xüsusilə kosmetika, parfümeriya, qida, elektronika və uşaq məhsulları kimi kateqoriyalarda məsələ sadəcə pul itirmək deyil. Saxta məhsul insan sağlamlığına, təhlükəsizliyinə və şəxsi məlumatlarına qədər müxtəlif risklər yarada bilər. Yəni istehlakçı brend adına yox, məhsulun mənşəyinin sübutuna güvənməlidir. Müasir bazarda yaxşı görünən saxta məhsul hazırlamaq mümkündür. Amma şəffaf satış kanalı, rəsmi sənədləşmə və yoxlanıla bilən mənşəyi saxtalaşdırmaq daha çətindir”.
Zeynəb Həsən
18:51 18.09.2026
Oxunuş sayı: 43