Qarabağ Universiteti abituriyentlər üçün Açıq Qapı Günləri keçirəcək
Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə qəbul prosesinə hazırlaşan abituriyentlər və onların valideynləri üçün Açıq Qapı Günləri təşkil edəcək.
Crossmedia.az xəbər verir ki, tədbirlər iyulun 27-dən avqustun 7-dək, bazar günləri istisna olmaqla hər gün saat 14:00-dan 17:00-dək keçiriləcək.
Açıq Qapı Günləri çərçivəsində iştirakçılar universitetin tədris korpusları, laboratoriyaları, tələbə şəhərciyi və digər infrastruktur obyektləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bununla yanaşı, abituriyentlər akademik heyətlə görüşərək tədris proqramları, ixtisas seçimi, tələbə həyatı və qəbul prosesi barədə ətraflı məlumat ala, onları maraqlandıran suallara cavab tapa biləcəklər.
Universitetdən bildirilib ki, ziyarətlərin səmərəli təşkili məqsədilə tədbirdə iştirak etmək istəyən şəxslərin əvvəlcədən qeydiyyatdan keçməsi tövsiyə olunur. Qeydiyyat müvafiq elektron forma vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Açıq Qapı Günlərinin əsas məqsədi abituriyentlərin Qarabağ Universitetinin təhsil imkanları, akademik mühiti və kampus həyatı ilə yaxından tanış olmasına şərait yaratmaqdır.
11:29 27.07.2026
Oxunuş sayı: 100