Bəşəriyyəti böyük təhlükə gözləyir: Təbii fəlakətlər artacaq, insanlar isə...
İqlim sistemi artıq adi hava dəyişikliyi çərçivəsini çoxdan aşıb, Yerin özünübərpa mexanizmini iflic edən qlobal bir böhran fazasına keçib. Təbiətin istilik tənzimləmə balansı pozulduqca, ekosistemlər gözümüzün önündə çökməyə başlayır və planet insanlığın hədsiz müdaxiləsinə qarşı amansız bir müqavimət göstərir. Bu amansız reallığın ən acı göstəricilərindən biri də Fransada cəmi iki həftə ərzində (17 iyun – 2 iyul) davam edən kəskin istilər zamanı 5764 əlavə ölüm halının qeydə alınması oldu. Şimal ölkələrində belə kütləvi tələfata səbəb olan bu ekstremal hava şəraiti göstərir ki, iqlim anomaliyaları qarşısında nəinki təbiət, hətta müasir insan da tamamilə müdafiəsizdir.
Məsələ ilə bağlı ekoloq, Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı Crossmedia.az-a açıqlama verib.

"Artıq uzun illərdir ki, verilən ekoloji proqnozlar öz təsdiqini tapır. Dünyada güclü ekoloji kataklizmlər başlayır, təbii fəlakətlər artır və iqlim dəyişiklikləri kritik həddə çatıb. Bunun səbəblərinə gəldikdə isə aydın məsələdir ki, bu, antropogen amillərlə bağlıdır. Sırf insan fəaliyyəti, iqtisadiyyatın və sənayenin böyüməsi, faydalı qazıntıların və resursların vəhşicəsinə istifadə olunması, təbiətin çirkləndirilməsi, zəhərlənməsi, suyun, torpağın, havanın korlanması və meşələrin yandırılması – bunlar hamısı dünyadakı ekoloji ekosistemi tamamilə məhv edib. Bu da öz fəsadlarını verir və getdikcə daha böyük miqyasda göstərəcək.
Fəsad olaraq təbii fəlakətlər, iqlim anomaliyaları, quraqlıq və qıtlıq gözlənilir. Bu proqnozlar bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunur. Səbəb də məlumdur: insanlar hər gün, gecə-gündüz öz dünyasını, öz evini – planetini dağıtmaqla məşğuldur. Bunu da qarşısını almaq istəmirlər, çünkü komfort yaşayırlar. İstehlak çılğınlığı və dəbdəbəyə düşkünlük dünyanın resurslarına təzyiqi artırır, ekologiyanı məhv edir. Bəşəriyyət sadə, təvazökar həyat tərzinə qayıtmasa, hər şey normal qaydada təşkil olunmasa, dünyanın məhvə gedəcəyi məlumdur.
İndi iqlim dəyişikliklərinin nəticələrini özümüz də görürük: şimal ölkələrində tarixdə qeydə alınmamış kəskin istilər, cənub ölkələrində soyuqlar müşahidə olunur, yağıntıların miqdarı normadan dəfələrlə artıq olur və bütün ölkələrdə təbii fəlakətlərin sayısı artır. Bu, artıq həyatın təbii axarını da aşıb. Demək olar ki, artıq gecdir".
E. Bayramlı qeyd edib ki, Qlobal temperaturun 3 dərəcə artması dünyanı məhvə aparmaq deməkdir: "Hazırda temperatur 2 dərəcə artıb, yəni cəmi 1 dərəcə də artsa, dünya kritik bir vəziyyətə düşəcək. Guya beynəlxalq təşkilatlar bundan narahatdır, müəyyən forumlar, simpoziumlar keçirirlər. Amma bunların ciddi bir effekti yoxdur. Çünki iri sənaye dövlətləri buna razı olmurlar; sənaye istehsalını azaltmağa, zərərli sənaye sahələrini ləğv etməyə və ekologiyanı qorumağa vəsait ayırmaqda maraqlı deyillər. Bunun da nəticəsi belə ağır fəsadlara gətirib çıxarır.
Təsəvvür edin, şimal ölkələrində istilərdən ölənlər oldu. Azərbaycan kimi cənub ölkələrində belə insanlar istidən ölmürdü, amma indi şimal ölkələrində kütləvi şəkildə istidən ölümlər baş verir. Bunu fundamental şəkildə dərhal dəf etmək mümkün deyil, çünki bu, çox uzun müddət və böyük həssaslıq tələb edir. Amma müvəqqəti tədbirlərlə əhalini qorumaq olar. Məsələn: yüksək temperaturda işlərin dayandırılması, gündüz saatlarında gün altında olmamaq, insanların soyutma sistemlərindən istifadəsinə şərait yaratmaq və ya ölkə daxilində daha soyuq rayonlara vətəndaşların məzuniyyətə getməsini təmin etmək. Bu kimi məsələlərlə kritik vəziyyəti bir az yumşaldıb ölümlərin sayını azaltmaq olar. Amma bunlar fundamental həll metodları deyil, müvəqqətidir və problemi kökündən həll etmək iqtidarında deyildir.
Dediyim kimi, bu problemin yeganə və çox konkret həll yolu var: bəşəriyyət sadə və təvazökar həyat tərzinə keçməlidir. Az tələbatla yaşamaq, minimalist olmaq, istehlak çılğınlığına son qoymaq, fasiləsiz olaraq əşyaların alınması və təzələnməsindən, avtomobillərdən həddindən artıq istifadədən imtina etmək lazımdır. Zərərli sənaye sahələrinə, təbiətə tullantıların atılmasına, plastik və polietilen istifadəsinə, havanın zavodlar tərəfindən zəhərlənməsinə, torpağın kimyəvi gübrələrlə və suların zəhərlənməsinə son qoyulmalıdır. Üstəlik, böyük miqyaslı meşə yanğınları baş verir ki, bunların da bir çoxu qəsdən törədilir".
O, bildirib ki, buna son qoyulmasa, planeti ciddi təhlükə gözləyir: "Yaxın illərdə təbii fəlakətlər artacaq. Fasiləsiz şəkildə ağır fəsadlar, dağıntılar və ölümlər olacaq. Planet buna reaksiya verir, ekosistem pozulub, hər şey darmadağın olunub və artıq bunun fəsadları artan xətt üzrə devam edəcək. Alimlər yaxın dövrü "hadisələr dövrü", "qlobal kataklizmlər dövrü" adlandırırlar. Biz artıq o dövrə keçmişik. Bir çox ekoloq alimlər isə qeyd edirlər ki, planetdəki proseslər artıq qarşısıalınmaz və geri dönməz fazaya daxil olub. Yəni artıq çalışsalar belə, bu prosesi dayandırmaq demək olar ki, imkansızdır, bəlkə bir qədər yüngülləşdirmək olar. İşi bu həddə gətirib çıxarmışıq. Ona görə də, nə qədər ki insanlar ağıllanmır, bəşəriyyət və planetdəki bütün canlı aləm məhvə doğru gedəcək".
Məsələyə tibb elmləri doktoru, professor Adil Qeybulla da münasibət bildirib:

" Yerin istilik tənzimlənməsinin pozulmasına doğru gedirik. Bu işlə bağlı milyardlarla pul xərclənsə də, ortada heç bir nəticə yoxdur. Çünki, bu işə konseptual yanaşılmır.
Məsələ bundadır ki, bu gün istilərin bu şəkildə artması, rəqəmlərin sürətlə dəyişməsi reallıqdır. Məsələn, Avropada heç vaxt belə istilər olmayıb, amma bu gün bu, bir reallıqdır. Ya da ola bilsin ki, sabah ekvatorda tamamilə soyuqlar olsun. Bütün bunlar təəccüblü deyil. O baxımdan da bu cür iqlim "şıltaqlıqlarına", təlatümlərə qarşı insanın qorunmaq imkanları yetərincədir. Yəni müxtəlif sərin, kondisionerli yerlərdə olmaq, müəyyən saatlarda günəş altında dayanmamaq və s. Bunları dövlət də, vətəndaş özü də tənzimləyə bilər.
Amma əsas məsələ nədir? Əsas məsələ ondan ibarətdir ki, bu insanların daldalanmağa yeri var, bəs heyvanlar və bitkilər nə etsin?! Bax, onlar üçün də bu, böyük bir təlatümdür. O baxımdan, mən hesab edirəm ki, bu, çox ciddi bir faktordur və məsələ təkcə istinin tənzimlənməsi və ya ondan qorunmaqla bitmir.
Bu məsələ yavaş-yavaş öz həllini tapmalıdır. Temperaturun Yer kürəsində 2-3 dərəcə yüksəlməsi çox ciddi təlatümlərə gətirib çıxara, Yer kürəsindəki biogeosenozu ciddi şəkildə dəyişə bilər. Hal-hazırda buzlaqların əriməsi, okean sularının sürətlə buxarlanması, intensiv yağışların yağması və nəticədə bu cür anomal istilərin yaranması təsadüfi deyil; bu, hələlik bir başlanğıcdır və siqnaldır".
Turqut Ansari
21:00 24.07.2026
Oxunuş sayı: 45