Türkiyə–Azərbaycan peşə təhsili əməkdaşlığının yeni imkanlar açması gözlənilir
Azərbaycanda son illər peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət tərəfindən bu sahəyə ayrılan diqqət və dəstək nəticəsində əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar yaradılır, peşə təhsili müəssisələrinin imkanları genişləndirilir. Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisələrinin yaradılması təşəbbüsü də bu istiqamətdə həyata keçirilən layihələrin davamı kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq həm kadr hazırlığının keyfiyyətini yüksəldəcək, həm də əmək bazarında ehtiyac duyulan ixtisaslar üzrə çatışmazlığın aradan qaldırılmasına töhfə verəcək. Bəs yeni təşəbbüs peşə təhsilinə hansı üstünlükləri qazandıracaq?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib: "Azərbaycanda son bir neçə ildə peşə təhsili mərkəzlərinə xüsusi diqqət ayrılır. Artıq bir sıra sahələr üzrə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirilir ki, bu da peşə təhsilinin inkişafına göstərilən ciddi dövlət dəstəyinin nəticəsidir. Xüsusilə hibrid və Çin istehsalı olan avtomobillərin ustaları, çilingərləri və elektrikləri kimi ixtisaslar üzrə əmək bazarında böyük tələbat var və bu ehtiyac qismən də olsa peşə təhsili müəssisələri vasitəsilə qarşılanır.
Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisələrinin yaradılması istiqamətində irəli sürülən yeni təşəbbüs də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycan və Türkiyədə fəaliyyət göstərən iri şirkətlərlə müqavilə əsasında kadr hazırlığı imkanlarını genişləndirəcək və əmək bazarının tələb etdiyi ixtisaslar üzrə mütəxəssis hazırlığını sürətləndirəcək".
O, bildirib ki, peşə təhsilində görülən işlərə baxmayaraq, bu sahədə hələ də müəyyən çatışmazlıqlar mövcuddur: "Proqram təminatı yenilənməli, yeni tədris proqramları hazırlanmalı, müəllim seçimi və hazırlığı istiqamətində əlavə tədbirlər görülməlidir. Bunun üçün isə aidiyyəti icra qurumları tərəfindən uzunmüddətli strategiya hazırlanmalı və mərhələli şəkildə həyata keçirilməlidir.
Hazırda Azərbaycanda tətbiq olunan dual peşə təhsili modeli artıq müsbət nəticələr verir. Bu model çərçivəsində tələbələr həftənin bir hissəsini peşə təhsili müəssisəsində, digər hissəsini isə birbaşa müəssisələrdə praktiki fəaliyyət göstərərək keçirirlər. Bu isə onların məzun olduqdan dərhal sonra işlə təmin olunmasına şərait yaradır.
Türkiyə–Azərbaycan peşə təhsili müəssisələrinin birgə fəaliyyəti xüsusilə alternativ enerji sahəsində kadr hazırlığı baxımından faydalı olacaq. Alternativ enerji qurğularının ölkəyə gətirilməsi və quraşdırılması ilə bağlı hazırda mütəxəssis çatışmazlığı mövcuddur və bu boşluğun aradan qaldırılmasında türkiyəli mütəxəssislərin təcrübəsi mühüm rol oynaya bilər".
Zeynəb Həsən
19:30 24.07.2026
Oxunuş sayı: 59