Direktor seçimində hansı meyarlar əsas götürülməlidir?- Açıqlandı
Azərbaycanda məktəb direktorlarının seçimi üzrə müsabiqənin növbəti mərhələsinə start verilir. Sabahdan etibarən direktorların işə qəbulu üzrə müsahibələr başlayacaq və namizədlər liderlik, strateji idarəetmə, pedaqoji fəaliyyət, qərarvermə və rəqəmsal bacarıqlar da daxil olmaqla 7 əsas meyar üzrə qiymətləndiriləcəklər. Bu proses məktəblərdə idarəetmənin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil eksperti İlqar Oruc Crossmedia.az-a açıqlamasında bildirib ki, məktəb direktorlarının 7 əsas meyar üzrə qiymətləndirilməsi təhsil idarəçiliyinin təsadüfi təyinatlardan kompetensiyalara əsaslanan modelə keçidi baxımından mühüm addımdır.
Ekspertin sözlərinə görə, məktəb rəhbərinin peşəkarlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir:
"Mərhum professor Şahlar Əskərovun bu mövzuda çox dəyərli fikri var. O deyirdi ki, elə direktor var özünü məktəbə qurban verir, elə direktor da var ki, məktəbi özünə qurban verir. Direktor seçimində elə meyarlar müəyyənləşdirilməlidir ki, rəhbər özünü məktəbə həsr etsin, məktəbi şəxsi maraqlarına qurban verməsin".
İ.Oruc bildirib ki, uzun illər məktəblərə zərər vuran təsadüfi təyinatlardan uzaqlaşmaq zəruridir:
"Direktor böyük pedaqoji kollektivi idarə edən əsas fiqurdur. Məktəbin uğurları, təhsilin keyfiyyəti və ümumi inkişafı böyük ölçüdə onun fəaliyyətindən asılıdır. Buna görə də məktəb rəhbərlərinin seçimi düzgün aparılmalıdır".
Ekspert hesab edir ki, vahid standartların tətbiqi subyektivliyi azaldacaq və daha bacarıqlı namizədlərin önə çıxmasına şərait yaradacaq.
"Pedaqoji fəaliyyəti və liderlik keyfiyyətləri güclü olan direktor müəllimlərin motivasiyasını artırır, tədris mühitini canlandırır. Strateji idarəetmə bacarıqları isə məktəbin maliyyə, kadr və zaman resurslarından daha səmərəli istifadə edilməsinə imkan yaradır".
Onun fikrincə, rəqəmsal transformasiya prosesində də direktorun rolu böyükdür:
"Rəqəmsal bacarıqların qiymətləndirilməsi məktəblərdə elektron idarəetmə və hesabatlılıq sistemlərinin daha sürətli tətbiqinə şərait yaradır".
İ.Oruc qeyd edib ki, təqdim olunan 7 meyar müasir məktəb rəhbərinin əsas peşəkar kompetensiyalarını qiymətləndirmək baxımından kifayət qədər məqbuldur və beynəlxalq standartlara uyğundur:
"Bununla yanaşı, gələcəkdə bu meyarlara əlavə kriteriyaların daxil edilməsi də faydalı ola bilər. Bu məsələlər peşəkar təhsil mütəxəssislərinin iştirakı ilə geniş müzakirə edilməlidir. Söhbət təsadüfi şəxslərin deyil, elmi araşdırmaları və praktik təcrübəsi olan mütəxəssislərin rəyindən gedir".
Ekspert vurğulayıb ki, müasir məktəb direktorunda emosional zəka, böhran idarəçiliyi və münaqişələrin həlli bacarıqları da mütləq olmalıdır:
"Eyni zamanda inklüziv təhsilin təşkili, sağlamlıq imkanları məhdud uşaqların təhsil prosesinə inteqrasiyası, məktəb-valideyn-icma münasibətlərinin qurulması, qrant və investisiyaların cəlb edilməsi kimi bacarıqlar da müasir məktəb rəhbəri üçün vacibdir".
İ.Orucun sözlərinə görə, müsabiqə formatının məqsədi məktəb rəhbərlərini təkcə inzibatçı deyil, həm də təhsil lideri kimi formalaşdırmaqdır:
"Bu qaydaları ümumilikdə məqbul hesab edirəm. Lakin onların üzərində əlavə təkmilləşdirmələr aparmaq mümkündür. Əsas odur ki, məqsəd şəffaf və peşəkar direktorların seçilməsi olsun. Bu halda məktəblərimizin simasını, direktor nüfuzunu və ümumilikdə təhsilin keyfiyyətini yüksəldə bilərik".
Ekspert sonda vurğulayıb ki, məktəb direktoru öz savadı, əxlaqı və dəyərlərə sadiqliyi ilə cəmiyyətə nümunə olmalıdır:
"Direktor yaşından asılı olmayaraq rəhbərlik etdiyi məktəb və icma üçün mənəvi lider olmağı bacarmalıdır. O, məktəbi özünə deyil, özünü məktəbə həsr etməyi bacaran şəxs olmalıdır".
Nigar Xəlilli
16:30 22.07.2026
Oxunuş sayı: 51