ABŞ ilk dəfə Ukraynanın hazırladığı dəniz dronlarını istehsal edəcək
ABŞ şirkəti ilk dəfə Ukraynada hazırlanmış və döyüş şəraitində sınaqdan çıxmış dəniz dronlarının istehsalına başlayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın xüsusi təyinatlı qayıqlar istehsal edən "ReconCraft" şirkəti ilə Ukraynanın "Magura" dəniz dronlarının istehsalçısı "Uforce" arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd ötən həftə Ukraynanın Vaşinqtondakı səfirliyində imzalanıb.
Razılaşmaya əsasən, tərəflər ABŞ-ın Oreqon və Cənubi Karolina ştatlarında hər il yüzlərlə, gələcəkdə isə minlərlə Magura dəniz dronu istehsal etməyi planlaşdırırlar.
Nəşr yazır ki, ABŞ-ın bu layihəyə marağı İranla son hərbi qarşıdurmadan sonra daha da artıb. Belə ki, ABŞ ordusu bu ay ilk dəfə döyüş şəraitində dəniz kamikadze dronlarından istifadə edərək İranın hərbi-dəniz bazasındakı hədəflərə zərbələr endirib.
Bildirilir ki, Pentaqon yaxın illərdə avtonom sistemlərin inkişafına on milyardlarla dollar sərmayə yatırmağı planlaşdırır. Məqsəd bahalı silah sistemlərini daha ucuz və effektiv pilotsuz platformalarla əvəz etməkdir.
Magura dəniz dronları təxminən 770 kiloqram faydalı yük daşıya, 560 kilometrədək məsafədə fəaliyyət göstərə bilir. Onlardan zərbə əməliyyatları ilə yanaşı, hava dronlarının buraxılması, mina əleyhinə əməliyyatlar və sualtı qayıqların aşkarlanması üçün də istifadə oluna bilər.
"The Wall Street Journal" qeyd edir ki, Ukraynanın döyüş şəraitində sınaqdan çıxmış texnologiyalarının ABŞ-də istehsalı Vaşinqtonla Kiyev arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələsi hesab olunur.
10:14 22.07.2026
Oxunuş sayı: 57