Conson Britaniyanın yeni xarici işlər nazirini sərt tənqid etdi
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson yeni Baş nazir Endi Börnhemin Edvard Milibəndi xarici işlər naziri təyin etməsini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Conson sosial şəbəkədə paylaşdığı açıqlamada Milibəndin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə qarşı vaxtında sərt mövqe nümayiş etdirmədiyini iddia edib və bunun Rusiyanın Ukraynaya ilk müdaxiləsinə şərait yaratdığını bildirib.
"O dövrdəki tərəddüd, böyük ölçüdə Milibəndin məsuliyyət daşıdığı siyasət idi. Bu, Putinin Ukraynaya ilk müdaxiləsinə gətirib çıxardı. Xarici işlər naziri postu üçün dəhşətli seçimdir. Kreml bu təyinatdan məmnun qalacaq", – deyə Conson vurğulayıb.
Edvard Milibənd bazar ertəsi yeni hökumətin tərkibində xarici işlər naziri vəzifəsinə başlayıb. Onun beynəlxalq danışıqlar təcrübəsinə görə bu posta gətirildiyi bildirilir.
Məqalədə həmçinin qeyd olunur ki, Ağ Ev bu təyinatdan narahatdır. Məlumata görə, Donald Tramp administrasiyası Milibəndin iqlim siyasəti və Şimal dənizində neft-qaz hasilatının genişləndirilməsinə qarşı mövqeyinə görə onunla beynəlxalq məsələlərdə əməkdaşlığın çətin ola biləcəyi barədə Londona xəbərdarlıq edib.
10:04 22.07.2026
Oxunuş sayı: 81