İspaniya siqaretə qarşı sərt addım atır
İspaniya hökuməti bar və restoranların açıq terraslarında siqaret çəkməyə qadağa qoymağı, tütün tüstüsündən azad zonaları genişləndirməyi və elektron siqaretlərlə veypləri adi tütün məhsulları ilə eyni kateqoriyaya salmağı planlaşdırır.
Crossmedia.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Monika Qarsiya açıqlama verib.
Avropanın bir sıra ölkələri, o cümlədən Böyük Britaniya və Fransa tütün və veyp istifadəsinə qarşı qaydaları sərtləşdirir. Hakimiyyətlər siqareti yalnız ictimai sağlamlıq üçün təhlükə deyil, həm də əmək məhsuldarlığını azaldan və səhiyyə büdcələrinə ciddi yük yaradan amil kimi qiymətləndirirlər.
Yeni qanun layihəsi hələ İspaniya parlamentində təsdiqlənməlidir. Əsas müxalifət partiyası olan Xalq Partiyası dəstəyinin xüsusi siqaret çəkmə yerlərinin yaradılması və restoran-mehmanxana sektorunun mümkün itkilərdən qorunması ilə bağlı təminatlardan asılı olacağını bildirib.
Monika Qarsiya qeyd edib ki, yeni planın məqsədi İspaniyanı siqaretlə mübarizədə yenidən lider ölkələr sırasına qaytarmaqdır.
İspaniyada daha əvvəl də tütünə qarşı ciddi məhdudiyyətlər tətbiq edilib. 2005-ci ildə qapalı iş yerlərində, 2010-cu ildə isə bar və restoranların daxilində siqaret çəkmək qadağan olunub.
“Dövr dəyişib, yeni məhsullar ortaya çıxıb və səhiyyə sahəsində qarşımızda yeni çağırışlar dayanır”, — nazir bildirib.
Qarsiyanın sözlərinə görə, İspaniyada hər gün təxminən 140 nəfər, il ərzində isə 50 minə yaxın insan siqaretlə bağlı səbəblərdən dünyasını dəyişir. Onkoloji xəstəliklərin təxminən 30 faizinin isə birbaşa bu zərərli vərdişlə əlaqəli olduğu bildirilir.
21:18 21.07.2026
Oxunuş sayı: 61