Namizədlərin nəzərinə: Doktoranturaya qəbulda mühüm dəyişiklik gözlənilir
İnzibati hüququn təməl prinsiplərinə görə, vətəndaşın təqdim etdiyi beynəlxalq sertifikat əks-sübut tapana qədər etibarlı sayılmalı və sübutetmə yükü "İnzibati icraat haqqında" Qanuna əsasən yalnız inzibati orqanın-DİM-in üzərinə düşməlidir. Konstitusiyanın 148-ci maddəsi və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu publik hüquqi şəxslərə normativ akt qəbul etmək səlahiyyəti vermədiyi halda, DİM-in 38/İ-3 nömrəli Qaydası ümumi davranış norması müəyyən edərək faktiki olaraq səlahiyyət həddini aşır. Lakin rəsmi mövqe fərqlidir: DİM rəhbərliyi doktoranturaya qəbulda xarici sertifikatların doğrudan tanınmamasını Nazirlər Kabinetinin mövcud qaydaları, bəzi beynəlxalq imtahanlarda müşahidə olunan qeyri-obyektivlik və etibarlılıq riskləri ilə əsaslandırır. Məhz bu hüquqi ziddiyyət-bir tərəfdən Konstitusiya və inzibati qanunvericiliyin tələbləri, digər tərəfdən isə DİM-in subyektiv təhlükəsizlik arqumentləri-məsələnin mahiyyətini təşkil edir. Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlama verib:

"Qeyd edim ki, doktorantura pilləsinə qəbulda əlavə xarici dil imtahanı tələb olunur. Təbii ki, Dövlət İmtahan Mərkəzin keçirdiyi imtahanın nəticəsi əsas götürülür. Hələ ki Nazirlər Kabinetinin müəyyən etdiyi qəbul qaydalarında yalnız bu istiqamətdəki imtahan nəticələri qəbul edilir".
Ekspert əlavə edib ki, bir müddət sonra biz IELTS və yaxud digər beynəlxalq sertifikatlara-istər TOEFL, Duolingo və ya başqa proqramlar olsun-malik şəxsləri də birbaşa həmin nəticə əsasında doktorantura pilləsinin müsahibə mərhələsinə cəlb edilmə ehtimalı ola bilər:
"Amma hazırda, dediyim kimi, mövcud qaydalara-Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qəbul qaydalarına əsasən-yalnız Dövlət İmtahan Mərkəzinin nəticəsi keçərli hesab olunur.
Bəzi sahələrdə-məsələn, SAT istiqamətində və ya digər testlərdə-bəzən qeyri-obyektiv qiymətləndirmələr müşahidə edirik. Bəzi hallarda belə xoşagəlməz hallar yaşanır. Ona görə də tam etibar etmək olmur, çünki həmin sertifikatları daha asan yolla əldə edən şəxslər ola bilər. Məhz buna görə də hələ ki tam inam və etibar formalaşmadığından Dövlət İmtahan Mərkəzinin imtahanı əsas götürülür.
Qarşıdakı illərdə tam obyektiv qiymətləndirmə və beynəlxalq sertifikatların rəsmi tanınması mexanizmi mümkün olarsa, o zaman həmin namizədlər də müsabiqəyə əlavə imtahan vermədən qatıla bilərlər".
Turqut Ansari
15:00 21.07.2026
Oxunuş sayı: 73