Sırski: Mən Müdafiə Nazirliyi ilə deyil, Rusiya ilə müharibə aparıram
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Müdafiə Nazirliyi ilə münasibətləri, müharibənin strategiyası, pilotsuz uçuş aparatları və ordunun maliyyələşdirilməsi ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az bu barədə xəbər verir ki, Sırski “Militarnı” nəşrinə verdiyi geniş müsahibədə siyasi ambisiyalarının olmadığını vurğulayaraq, ordunun və Baş Qərargahın ətrafında yayılan münaqişə və sabotaj iddialarına görə ilk dəfə geniş açıqlama verməyə qərar verdiyini deyib.
Baş komandan Müdafiə Nazirliyinin rəsmisi Mixail Fedorovla münasibətlərini işgüzar adlandırıb. O, əgər Fedorovu incitdiyini düşünürsə, buna görə üzr istədiyini bildirib və orduda Fedorov düşərgəsi ilə Sırski düşərgəsi arasında qarşıdurma yaradılmasının düşmənin maraqlarına xidmət etdiyini qeyd edib.
Sırski müharibə strategiyasının ictimaiyyətə açıqlana bilməyəcəyini vurğulayaraq, belə tələblərin əslində planların düşmənə ötürülməsi anlamına gəldiyini deyib.
O, həmçinin dronlara kifayət qədər önəm vermədiyi barədə iddiaları rədd edib. Baş komandan bildirib ki, Pilotsuz Sistemlər Qüvvələrinin yaradılması onun rəhbərliyi dövründə həyata keçirilib və bu qüvvələrin komandanı vəzifəsinə namizədi şəxsən Prezident Volodimir Zelenskiyə təqdim edib. Bununla yanaşı, ordunun artilleriya, hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri və digər silahlara da ehtiyacı olduğunu vurğulayıb.
Kadr siyasəti ilə bağlı tənqidlərə cavab olaraq Sırski müxtəlif hərbi komandirlərin adlarını sadalayaraq, təyinatlarda əsas meyarın şəxsi sədaqət deyil, peşəkarlıq və effektivlik olduğunu bildirib.
Baş komandan əlavə edib ki, hərbçilərin maaşları üçün nəzərdə tutulan vəsaitin bir hissəsi pilotsuz uçuş aparatlarının alınmasına yönəldildiyi üçün ilin ikinci yarısında ödənişlərin maliyyələşdirilməsi ilə bağlı çətinlik yaranıb. Onun sözlərinə görə, bu vəsait dövlətin hər gün həyatını riskə atan hərbçilər qarşısında öhdəliyidir.
23:24 20.07.2026
Oxunuş sayı: 60