Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təxirə sala bilər
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan 21-ci sanksiyalar paketinin qəbulunu təxirə sala bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Bloomberg˝ məlumat yayıb.
Məlumata görə, əsas fikir ayrılığı Rusiyanın mayeləşdirilmiş təbii qazı ilə bağlı məhdudiyyətlər üzərində yaranıb. Yunanıstan Rusiya qazın üçüncü ölkələrə daşınması ilə məşğul olan Avropa şirkətlərinə qarşı məhdudiyyətlərə etiraz edərək, sanksiyalar paketinin razılaşdırılmasını bloklayıb.
Bildirilir ki, hazırda Aİ çıxış yollarını müzakirə edir. Variantlar arasında qaz ilə bağlı məhdudiyyətlərin iki il təxirə salınması, onların ümumiyyətlə sanksiyalar paketindən çıxarılması və ya bütün 21-ci sanksiyalar paketinin qəbulunun ertələnməsi var. Həmçinin Rusiyadan qaz tədarükü üzrə qüvvədə olan müqavilələrin saxlanılması ehtimalı da nəzərdən keçirilir.
Bununla yanaşı, Aİ Rusiya nefti üçün qiymət tavanının bir barel üçün 44,10 ABŞ dollarına endirilməsi məsələsinin müzakirəsini də iyulun 23-dək təxirə salıb. Məqsəd tərəflər arasında danışıqlar üçün əlavə vaxt qazanmaqdır.
23:11 20.07.2026
Oxunuş sayı: 62