KİV: Bakıda Almaniya və Rusiya nümayəndələrinin qapalı görüşü keçirilib
Bakıda Almaniyanın sabiq siyasətçiləri ilə Rusiya nümayəndələrinin iştirakı ilə qeyri-rəsmi Rusiya–Almaniya qrupunun qapalı görüşü keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Nəşrin yazdığına görə, görüşdə Almaniyanın keçmiş kansleri Angela Merkelin administrasiyasının sabiq rəhbəri Ronald Pofalla, Brandenburg federal əyalətinin keçmiş baş naziri Mattias Platsek, Rusiya Prezidentinin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev, eləcə də "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri, Rusiyanın sabiq baş naziri Viktor Zubkov iştirak ediblər.
"The Times" qeyd edir ki, bu toplantı fəaliyyəti dayandırılmış "Peterburq Dialoqu" forumundan sonra əlaqələrini davam etdirən qeyri-rəsmi Rusiya–Almaniya şəbəkəsinin növbəti görüşü olub. Məlumata görə, 2022-ci ildən bu yana oxşar görüşlər bir neçə dəfə Bakı və Əbu-Dabidə keçirilib.
Rəsmi Berlin isə bu təmaslardan uzaq olduğunu bildirərək onların şəxsi təşəbbüs xarakteri daşıdığını və Almaniya hökumətinin mövqeyini əks etdirmədiyini vurğulayıb.
Nəşrin qiymətləndirməsinə görə, belə görüşlər Moskva üçün Almaniyanın siyasi elitasının bəzi nümayəndələri ilə əlavə ünsiyyət kanalı kimi əhəmiyyət daşıyır.
15:43 20.07.2026
Oxunuş sayı: 58