Aİ-də satılmayan geyim və ayaqqabıların məhv edilməsi qadağan olunub
Avropa İttifaqında iyulun 19-dan etibarən iri şirkətlər üçün satılmayan və alıcılar tərəfindən geri qaytarılan geyim və ayaqqabıların məhv edilməsi qadağan edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa KİV-i məlumat yayıb.
Yeni qaydalara əsasən, istifadə olunmamış məhsullar utilizasiya edilmək əvəzinə yenidən istifadəyə yönəldilməli, xeyriyyə təşkilatlarına verilməli və ya təkrar emala göndərilməlidir.
Avropa Ətraf Mühit Agentliyinin qiymətləndirməsinə görə, Avropada hər il 600 min tona qədər istifadə olunmamış tekstil tullantıya çevrilir. Tekstil məhsullarının utilizasiyası isə hər il təxminən 5,6 milyon ton karbon qazı (CO₂) emissiyasına səbəb olur ki, bu da 2–3 milyon avtomobilin illik emissiyasına bərabərdir.
Almaniyada 2021-ci ildə mağazalara geri qaytarılmış təxminən 17 milyon ədəd geyimin məhv edildiyi bildirilir. Mütəxəssislər hesab edirlər ki, yeni qadağa endirim mağazalarında (outlet) və ikinci əl satış platformalarında məhsul təklifinin artmasına səbəb ola bilər.
15:54 20.07.2026
Oxunuş sayı: 51