Qırğızıstan Prezident Administrasiyası: Hakimiyyəti tənqid edənlər məsuliyyətə cəlb oluna bilər
Qırğızıstan Prezident Administrasiyasının sözçüsü Dayırbek Orunbekov hakimiyyəti tənqid edən və Çin əleyhinə paylaşımlar edən şəxslərin məsuliyyətə cəlb oluna biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Vesti.kg" məlumat yayıb.
Orunbekovun sözlərinə görə, ölkədə prezident olmaq istəyən bəzi siyasətçilər saxta sosial media hesablarından istifadə edərək hakimiyyətə qarşı kampaniya aparır, "çinlilər ölkəni zəbt edir", "torpaqlar satılır", "xarici borc artır" kimi iddialar yayırlar.
O, bu kontekstdə sabiq deputat Adaxan Madumarovun, keçmiş prezident Almazbek Atambayevin və keçmiş nazir Kamçıbek Taşiyevin adlarını çəkib.
Orunbekov bildirib ki, həmin paylaşımların müəllifləri müəyyən edilərək məsuliyyətə cəlb oluna bilər.
"Paylaşımların müəllifləri müəyyən edilərək saxlanıldıqdan sonra yaxınları onların qanunsuz dindirildiyini və ya həbs edildiyini iddia edəcəklər. Gərginliyi artırmaqdan əl çəkməsəniz, təşkilatçılarla birlikdə saxlanılacaqsınız", – deyə o bildirib.
Prezident Administrasiyasının sözçüsü əlavə edib ki, Administrasiyanın Situasiya Mərkəzi cəmiyyətdə təxribat yaratmağa çalışan sosial media hesablarını müəyyənləşdirir və onların əlaqələrini araşdırır.
14:16 20.07.2026
Oxunuş sayı: 60