Odessa yaxınlığında Ukraynanın yanacaq obyektləri vurulub
Rusiya Silahlı Qüvvələri Odessa vilayətinin Novıye Belyarı yaşayış məntəqəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş yanacaq-sürtgü materialları saxlanılan beş rezervuarı vurduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Novıye Belyarı yaşayış məntəqəsi Odessa limanından təxminən 15 kilometr şimal-şərqdə yerləşir.
Nazirlik həmçinin iyulun 19-da Ukraynanın hərbi təyinatlı avadanlıqlar istehsal edən UKRTAC şirkətinə məxsus zavodun, anbarların və avadanlıqların Rusiya zərbələri nəticəsində məhv edildiyini iddia edib.
Məlumata görə, Kiyevdə fəaliyyət göstərən şirkət fərdi mühafizə vasitələri, o cümlədən zirehli gödəkçələr, zireh lövhələri, ballistik paketlər, dəbilqələr, qoruyucu geyimlər, taktiki təchizat və hərbi tibbi vasitələr istehsal edir.
Rusiya Müdafiə Nazirliyi bazar günü səhər saatlarında yaydığı digər məlumatda isə Kiyev şəhəri və vilayətində qanadlı raketlərin hissələrinin istehsal olunduğu müəssisələrə, eləcə də logistika mərkəzlərinə zərbələr endirildiyini açıqlayıb.
21:33 19.07.2026
Oxunuş sayı: 80