Həkimlərdən gecə oynaq ağrılarına qarşı təsirli tövsiyələr
Gecə saatlarında oynaq ağrılarının güclənməsi geniş yayılmış problemdir və bu hal uzunmüddətli yuxusuzluğa, nəticədə isə sağlamlıq problemlərinə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, Sword Health portalının mütəxəssisləri gecələr oynaq ağrılarının artmasının səbəblərini və onları azaltmağa kömək edən üsulları izah ediblər.
Həkimlərin sözlərinə görə, insan uzandıqdan sonra orqanizmdə qan dövranı yavaşıyır, iltihab olan nahiyələrdə maye toplana bilir və iltihabı nəzarətdə saxlamağa kömək edən kortizol hormonunun səviyyəsi azalır. Bu dəyişikliklər ağrı hissinin daha güclü qəbul edilməsinə səbəb olur.
Bundan əlavə, Oksford Universitetinin araşdırmasına əsasən, gecə saatlarında diqqəti yayındıran amillər azaldığı üçün artrit və osteoartrit kimi xəstəliklərdən əziyyət çəkən insanlar ağrını daha intensiv hiss edirlər.
Mütəxəssislər ağrını azaltmaq üçün yatmazdan əvvəl yüngül dartınma hərəkətləri etməyi, rahat yuxu vəziyyəti seçməyi və ehtiyac olduqda 10–15 dəqiqə ilıq kompresdən istifadə etməyi tövsiyə edirlər. Lakin oynaq şişibsə, qızarıbsa və ya isti hiss olunursa, isti kompres tətbiq etmək məsləhət görülmür.
Gün ərzində müntəzəm fiziki aktivlik, nəfəs məşqləri və orta sərtlikdə döşəkdən istifadə də gecə ağrılarının azalmasına kömək edə bilər.
Həkimlər vurğulayırlar ki, bu üsullar yalnız simptomları yüngülləşdirə bilər. Oynaq ağrıları davamlı xarakter alarsa, səbəbin müəyyən edilməsi və uyğun müalicənin seçilməsi üçün mütləq həkimə müraciət etmək lazımdır.
02:54 20.07.2026
Oxunuş sayı: 78