İrandakı gərginlik Almaniyada yanacağın qiymətini kəskin bahalaşdırıb
İran ətrafında yenidən artan gərginlik Almaniyada yanacağın qiymətlərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, "Bild" qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, iyulun 19-da Almaniyada Super markalı benzinin bir litrinin orta qiyməti 2,328 avro, E10 benzininin qiyməti 2,274 avro, dizel yanacağının qiyməti isə 2,305 avro təşkil edib.
Ən böyük bahalaşma dizel yanacağında qeydə alınıb. Belə ki, bir həftə əvvəl onun bir litrinin qiyməti 2,238 avro olduğu halda, son bir həftədə 6,7 avro sent bahalaşıb.
Nəticədə 50 litrlik çənin dizellə doldurulması təxminən 115 avroya, Super markalı benzinlə doldurulması isə 116 avrodan çoxa başa gəlir.
Nəşrin analitikləri hesab edirlər ki, qiymət artımının əsas səbəbi İran ətrafında vəziyyətin yenidən gərginləşməsidir. Onların fikrincə, bazarda Fars körfəzi regionundan neft tədarükünün dayanacağı və ya əsas ticarət marşrutlarında yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı narahatlıqlar güclənib.
Qeyd olunur ki, Almaniyada yanacaq üçün tətbiq edilən vergi güzəşti də artıq qüvvədə deyil. Bununla yanaşı, hökumətin inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində yanacaqdoldurma məntəqələrinə qiymətləri gün ərzində yalnız bir dəfə artırmağa icazə verilir.
18:34 19.07.2026
Oxunuş sayı: 88